Aİİ kafedra müdirinin məqaləsi beynəlxalq “Voprosı filosofii” (“Вопросы философии”) jurnalında dərc olunub

01 October, 2026

Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarovun “Vicdan əxlaqın mənbəyi kimi: Qərb fəlsəfəsi baxımından təhlil” (“Совесть как источник морали: анализ с точки зрения западной философии”) adlı elmi məqaləsi “Voprosı filosofii” (“Вопросы философии”) jurnalında dərc olunub.

Məqalədə “vicdan” anlayışı Qərb fəlsəfəsi kontekstində araşdırılır, filosofların vicdana dair əsas yanaşmaları metafizik, ontoloji və etik baxımdan müqayisə edilir. Vicdan problemi, həmçinin metafizik, teoloji, psixoloji və sosioloji aspektlərdən nəzərdən keçirilir.

Tədqiqatda Qərb fəlsəfəsində vicdanın mahiyyətinə dair iki əsas yanaşma təqdim edilir. Birinci yanaşmaya əsasən, vicdan – insana anadangəlmə xas olan, metafizik, psixoloji, epistemoloji və iradi ölçüləri özündə birləşdirən daxili qüvvədir. İkinci yanaşmaya görə, vicdan insanın ictimai həyatda qazandığı bilik və təcrübə əsasında formalaşan keyfiyyətdir.

Müəllifin qənaətinə görə, vicdan insanın mənəvi həyatında idraki, emosional və iradi funksiyaları birləşdirən mürəkkəb mexanizmdir. O, insanın xeyirlə şər, həqiqətlə yalan arasında seçim etməsinə təsir göstərir.

Qeyd edək ki, “Voprosı filosofii” (“Вопросы философии”) jurnalı Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutu tərəfindən nəşr olunur. Jurnal “Scopus” və “Web of Science” beynəlxalq elmmetrik bazalarında indekslənir.

sub menu