Azərbaycan İlahiyyat İnstitutunda Anım Gününə həsr olunmuş tədbir keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra şəhidlərimizin ruhuna Qurani-Kərimdən ayələr tilavət edilib.
Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının yaddaşında xüsusi yer tutduğunu bildirib. O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ olduğunu qeyd edib.
M.Mürsəlov şəhid və qazilərin Vətən qarşısındakı xidmətlərindən danışaraq onların fədakarlığının Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu vurğulayıb. O, həmçinin gənclərin sağlam dini biliklərə yiyələnmələrinin, öz üzərlərində işləyərək inkişaf etmələrinin və cəmiyyətin mənəvi dəyərlərinin qorunmasına töhfə vermələrinin əhəmiyyətinə toxunub. Şəhid ailələrinə göstərilən diqqət və ehtiramın cəmiyyətin mənəvi borcu olduğunu diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Vətən Müharibəsi iştirakçısı, şəhid Kərim Əliyevin atası Məhəmmədəli Əliyev şəhidin həyat və döyüş yolu, Vətən Müharibəsi zamanı göstərdiyi qəhrəmanlıq və yüksək mənəvi keyfiyyətləri barədə məlumat verib.
Şəhid Kərim Əliyevin döyüş yoldaşı Rüstəm Mənsimov isə onun Füzuli, Xocavənd və Cəbrayıl istiqamətlərində gedən ağır döyüşlərdə göstərdiyi şücaətdən danışıb. R.Mənsimov bildirib ki, Kərim Əliyevin yaralı olmasına baxmayaraq döyüşü davam etdirib, son qumbarası ilə düşmən mövqelərinə irəliləyərək digər hərbçilərin təhlükəsiz təxliyəsi üçün vaxt əldə edib. O, şəhid Kərim Əliyevin vətənpərvərliyinin, böyüklərə hörmətinin və mənəvi dəyərlərə bağlılığının gənc nəsil üçün örnək olduğunu vurğulayıb.
Tədbirdə şəhid Kərim Əliyevin həyat və döyüş yoluna həsr olunmuş film nümayiş etdirilib.