Charter

1.1. Azərbaycan İlahiyyat İnstitutu (bundan sonra – İnstitut) “Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli 3654 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılmışdır.
1.2. İnstitut ali təhsilin bütün səviyyələri üzrə dini fəaliyyətin təşkili sahəsində kadr hazırlığını, ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.
1.3. İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, “Təhsil haqqında” və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası təhsil nazirinin və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin əmr və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.
1.4. İnstitutun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin adı və öz adı həkk olunmuş möhürü, ştampları və blankları vardır.
1.5. İnstitutun fəaliyyətinə lisenziya Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarına uyğun olaraq verilir.
1.6. İnstitut “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya edilir.
1.7. Təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədilə İnstitutun digər təhsil müəssisələri ilə sazişlər bağlamaq, birliklər (assosiasiyalar) yaratmaq və onlara daxil olmaq hüququ vardır.
1.8. İnstitutun strukturuna onun filialları, nümayəndəlikləri, fakültələri, kafedraları, şöbələri, kitabxanaları, elmi tədqiqat və sınaq laboratoriyaları, doktorantura və əlavə təhsil bölmələri, qeydiyyat ofisləri, tədris-təcrübə mərkəzləri, idman bazaları, studiyaları, konsert zalları, sərgi salonları, poliqrafiya, iaşə müəssisələri və digər bölmələr daxildir. İnstitutun strukturunda onun profilinə uyğun istehsal, elmi tədqiqat, yaradıcılıq müəssisə və təşkilatları, habelə klinika yaradıla bilər.
1.9. İnstitutun Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Publik hüquqi şəxslər haqqında” qanunlarına və bu Nizamnaməyə uyğun olaraq təsərrüfat cəmiyyətləri və nümayəndəliklər, Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında filiallar yaratmaq hüququ vardır. İnstitutun filialları öz funksiyalarını müstəqil həyata keçirirlər. Nümayəndəlik və filialların rəhbərlərini, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmaqla, İnstitutun rektoru vəzifəyə təyin və vəzifədən azad edir.
1.10. Bu Nizamnaməyə uyğun olaraq, İnstitut aşağıdakı vəzifələri yerinə yetirir:
1.10.1. şəxsin intellektual, mədəni və mənəvi inkişafının təmin edilməsi, təhsilalma tələblərinin ödənilməsi;
1.10.2. təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi;
1.10.3. elmi araşdırmalar aparılması;
1.10.4. yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması;
1.10.5. əlavə təhsilin təmin edilməsi;
1.10.6. beynəlxalq fəaliyyətin və xarici əlaqələrin təmin edilməsi.
1.11. Bu Nizamnamənin 1.10-cu bəndində göstərilən vəzifələri yerinə yetirmək üçün İnstitut:
1.11.1. dövlət təhsil standartlarına, ayrı-ayrı pillələr və ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun tədris sənədlərini və tədris prosesinin təşkilinə dair digər sənədləri hazırlayır;
1.11.2. tədris prosesini təşkil edir və onun monitorinqini həyata keçirir;
1.11.3. təlim prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə edir;
1.11.4. elmi, ixtisaslaşdırılmış və dissertasiya şuralarının işini təşkil edir;
1.11.5. profilinə uyğun elmi tədqiqat işlərini həyata keçirir və elmi-metodik sənədlər hazırlayır;
1.11.6. elmi-praktik konfranslar, seminarlar, simpoziumlar, olimpiadalar, müsabiqələr, sərgilər və s. təşkil edir və keçirir;
1.11.7. elmi əlaqələr yaradır, təhsil və elmi-texniki əməkdaşlıq haqqında saziş və müqavilələr bağlayır, təhsillə bağlı layihələrdə, o cümlədən beynəlxalq layihələrdə iştirak edir;
1.11.8. beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinin tətbiqi ilə bağlı müasir informasiya və elmi-metodik məlumat bazasını, İnstitutun xüsusi veb-portalını, qlobal kompüter şəbəkəsi (internet) üçün informasiya resurslarını yaradır;
1.11.9. elmi əsərlər, tədris və tədris-metodik resursları hazırlayır və nəşr edir;
1.11.10. tələbələrə və işçi heyətinə idman, sağlamlıq, iaşə və məişət xidmətlərinin göstərilməsini təşkil edir;
1.11.11. maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirir;
1.11.12. maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində işlər görür;
1.11.13. müəllim-tələbə mübadiləsi və onların xaricdə təcrübə keçmələri üçün beynəlxalq əlaqələr yaradır.
1.12. İnstitutda mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrindən ibarətdir.
1.13. İnstitutda əyani təhsilalma forması tətbiq edilir.
1.14. İnstitutda tədris Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi, ali təhsilin ayrı-ayrı səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edən təhsil proqramları (kurikulumları) əsasında həyata keçirilir.
1.15. İnstitutun hüquqi ünvanı: Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsi, 29.

2.1. İnstituta ali təhsilin bakalavriat səviyyəsinə tam orta təhsilli və orta ixtisas təhsilli şəxslər, magistratura səviyyəsinə isə bakalavriat səviyyəsini bitirən şəxslər sərbəst ixtisas seçimi əsasında, müsabiqə yolu ilə qəbul edilirlər.
2.2. İnstituta tələbə qəbulunu, biliyin qiymətləndirilməsi məqsədilə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi həyata keçirir.
2.3. İnstituta tələbə qəbulu planını dövlət sifarişinə, ayrı-ayrı müəssisə və təşkilatların, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən dini mərkəz və idarələrin sifarişlərinə uyğun olaraq, İnstitutun imkanları nəzərə alınmaqla, İnstitutun və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

3.1. İnstitutda tədris dili Azərbaycan dilidir. Tədris, İnstitutun imkanları nəzərə alınmaqla, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, xarici dillərdə də aparılır.
3.2. İnstitut aşağıdakı təhsil proqramlarını (kurikulumları) həyata keçirir:
3.2.1. ali təhsil:
3.2.1.1. bakalavriat;
3.2.1.2. magistratura;
3.2.1.3. doktorantura;
3.2.2. əlavə təhsil.
3.3. İnstitutda beynəlxalq təhsil proqramları üzrə mütəxəssis hazırlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
3.4. Ali təhsil proqramlarına və onların həyata keçirilməsinə dair ümumi tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ali təhsil pilləsi üzrə təsdiq etdiyi dövlət təhsil standartları və prоqramları (bundan sonra – dövlət təhsil standartı) ilə müəyyən edilir.
3.5. İnstitutda təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədilə bakalavriat, magistratura və doktorantura təhsil səviyyələrində təhsil alan hər tələbəyə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələrinə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamı ilə müəyyən olunmuş təqaüdlərin məbləğlərinin üzərinə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş məbləğdə yemək xərci əlavə edilir.
3.6. İnstitutda təhsilalanların dövlət büdcəsinin vəsaiti hesabına xüsusi geyim forması ilə təminatı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş norma əsasında həyata keçirilir.
3.7. İnstitutda təhsil aldıqları müddətdə təhsilalanların yataqxana təminatı dövlət tərəfindən həyata keçirilir.
3.8. Təhsilalanların bir təhsil proqramından digərinə və ya İnstitutdan digər ali təhsil müəssisəsinə köçürülməsi, xaric edilməsi və İnstituta bərpa olunması, onlara akademik məzuniyyətin verilməsi qaydasını Azərbaycan Respublikasının Təhsil Nazirliyi müəyyən edir.

3.9. Ali təhsilin bakalavriat və magistratura təhsil proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş tələbələrə İnstitutu bitirmələri barədə diplom verilir. Həmin diploma əlavədə təhsilalanların mənimsədiyi fənlər, onların kreditlə həcmi və qiymətlər göstərilir. İnstitutun bakalavriat və magistratura səviyyələrinin məzunlarına Avropa Komissiyası, Avropa Şurası və UNESCO/CEPES-in nümunəsinə uyğun hazırlanmış və forması Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş diploma əlavə həmin şəxslərin arzusu ilə verilir. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və ya səviyyəsini başa vurmayan təhsilalanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 21 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”na uyğun olaraq arayış verilir.

4.1. İnstitut tədris prosesi ilə elmi fəaliyyətin vəhdətini təmin edən elmi fəaliyyət subyekti olub, fakültələr, kafedralar, elmi kitabxanalar, laboratoriyalar, mərkəzlər, elmi tədqiqat institutları və digər elmi strukturlar bazasında tətbiqi elmi tədqiqatlar aparır, yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasını həyata keçirir.
4.2. İnstitutun elm sahəsində fəaliyyəti onun profilinə uyğun elm sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesinə tətbiqinə yönəldilir.
4.3. İnstitut aparılan elmi tədqiqat işlərinin nəticələrinin istehsalata və tədris prosesinə (mühazirə və seminar məşğələlərinə, kurs layihələrinə, kurs və buraxılış işlərinə, magistr dissertasiyalarına) tətbiqini, həmçinin monoqrafiyalar, elmi məqalələr, metodik vəsaitlər şəklində dərc olunmaqla və elmi forumlarda məruzələr yolu ilə yayılmasını təşkil edir.
4.4. İnstitutda aparılan elmi tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi olmaqla, təsisçinin vəsaiti, İnstitutun öz vəsaiti, qrantlar, müxtəlif fondlardan alınan vəsait və digər qanuni mənbələr hesabına həyata keçirilir.
4.5. Təhsilin inkişaf problemləri ilə bağlı elmi araşdırmalar innovasiya xarakterli olmaqla, təhsil tarixinin öyrənilməsinə, təhsilin təşkilinin və idarə edilməsinin təkmilləşdirilməsinə, tədris prosesinin müasir metodlarla qurulmasına, tədrisin yeni texnologiyalarının və digər istiqamətlər üzrə pedaqoji innovasiyaların hazırlanmasına və tətbiqinə yönəldilir.
4.6. Elmi fəaliyyət professor-müəllim heyətinin işinin tərkib hissəsidir.
4.7. İnstitutda aparılan elmi tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin vəzifələrə seçilməsi və təyin olunması zamanı nəzərə alınır.

5.1. İnstitutun idarəetmə orqanları Elmi Şura, Himayəçilər Şurası, rektor, Büdcə Komitəsi və Audit Komitəsidir.
5.2. İnstitutun ali idarəetmə orqanı İnstitutun Elmi Şurasıdır (bundan sonra – Elmi Şura). Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə” və bu Nizamnamə ilə müəyyən edilir.
5.3. Elmi Şuranın tərkibi “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”yə uyğun olaraq, Elmi Şuranın tərkibinə tutduğu vəzifəyə görə daxil olan şəxslərdən, habelə seçki yolu ilə seçilən üzvlərdən formalaşdırılır. Elmi Şuranın tərkibinə tutduqları vəzifəyə görə İnstitutun rektoru (Elmi Şuranın sədri), tədris işləri üzrə prorektor (Elmi Şura sədrinin müavini), digər prorektorlar, İnstitutun filiallarının, elmi tədqiqat mərkəzlərinin direktorları, dekanlar, ali təhsil müəssisəsinin elmi katibi, əməkdaşların və tələbələrin Həmkarlar İttifaqı Komitəsinin, Tələbə Elmi Cəmiyyətinin və Tələbə Gənclər Təşkilatının sədrləri daxil edilirlər.
5.4. Elmi Şuranın səlahiyyətlərinə İnstitutun elm və tədris fəaliyyətindən irəli gələn məsələlərə baxmaq, İnstitutun nizamnaməsində dəyişikliklər edilməsi barədə təkliflər vermək, İnstitutun daxili strukturunu (fakültə, kafedra, şöbə və digər struktur bölmələr;) müəyyən etmək, struktur bölmələrinin yaradılması, ləğvi və yenidən təşkili barədə təkliflər vermək, onların əsasnamələrini təsdiq etmək, tələbə qəbulu planının layihəsini hazırlamaq, elmi adlara namizədlər təqdim etmək, İnstitutun fəxri professoru (doktoru) adını vermək, təhsilalanların geyim formasını müəyyən etmək, təhsilalanlara dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı və dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində məqsədli təqaüdlər vermək, müəyyən etdiyi meyarlara uyğun gələn tələbələr üçün stimullaşdırıcı tədbirlər tətbiq etmək və “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”də təsbit edilmiş digər məsələlər aiddir.
5.5. Elmi Şuranın iclası onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Elmi Şuranın qərarları Elmi Şuranın iclasında iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Elmi Şuranın qərarları İnstitutun rektoru tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir. İnstitutun rektoru Elmi Şuranın qərarını təsdiq etmədikdə, həmin məsələ Elmi Şuranın iclasına təkrar çıxarılarsa, məsələ üzrə qərar Elmi Şuranın iclasında iştirak edən üzvlərin üçdə iki səs çoxluğu ilə qəbul olunur. Bu halda, İnstitutun rektoru həmin qərarı təsdiq etməlidir.
5.6. İnstitutun strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən İnstitutun Himayəçilər Şurasıdır (bundan sonra – Himayəçilər Şurası).
5.7. Himayəçilər Şurasının azı 3 nəfərdən ibarət olan tərkibini Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təsdiq edir. Himayəçilər Şurasının səlahiyyətləri, yaradılması və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təsdiq etdiyi əsasnamə və bu Nizamnamə ilə müəyyən olunur.
5.8. Himayəçilər Şurasının səlahiyyətlərinə İnstitutun strateji inkişaf proqramının, illik büdcəsinin və onun icrasının təsdiq edilməsi, İnstitutun Audit Komitəsi üzvlərinin seçilməsi, İnstitutun fəaliyyət istiqamətlərinə nəzarət, İnstitutun elm-təhsil-innovasiya mərkəzi kimi inkişaf etməsinə, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodik və tətbiqi elmi layihələrin həyata keçirilməsinə, zəruri infrastrukturun yaradılmasına, beynəlxalq əlaqələrin qurulmasına, maliyyə vəsaitinin və sair investisiyaların cəlb edilməsinə, məzunların işlə təmin olunmasına dəstək aiddir.
5.9. İnstitutun cari fəaliyyətinə rəhbərliyi İnstitutun rektoru (bundan sonra – Rektor) həyata keçirir. Rektor əvəzçiliklə təyin edilmir. Rektoru Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir. Rektor beş il müddətinə təyin edilir və eyni şəxs iki dəfədən artıq bu vəzifəyə təyin edilə bilməz. Rektor olmadıqda, İnstitutun fəaliyyətinə rəhbərliyi Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müəyyən etdiyi prorektor həyata keçirir.
5.10. İnstitutda prorektorların sayı 3 nəfər müəyyən edilir. Prorektorları İnstitutun təqdimatı əsasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri beş il müddətinə vəzifəyə təyin edir. Eyni şəxs iki dəfədən artıq prorektor vəzifəsinə təyin edilə bilməz.
5.11. Rektor:
5.11.1. İnstitutun elm, tədris, kadr və beynəlxalq əlaqələr məsələləri üzrə cari fəaliyyətinə rəhbərlik edir və bu fəaliyyət üçün şəxsən məsuliyyət daşıyır;
5.11.2. dövlət orqanları və təşkilatları ilə, yerli və beynəlxalq qurumlarla münasibətlərdə İnstitutu təmsil edir;
5.11.3. İnstitutda inzibati funksiyaları həyata keçirir;
5.11.4. İnstitutun Büdcə Komitəsinin razılığı əsasında İnstitutun adından mülki hüquqi əqdlər, habelə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdlər (xüsusi əhəmiyyətli əqdlər), İnstituta aidiyyəti olan şəxslərlə əqdlər (əqdin dəyəri aktivlərin 5 faiz və daha çox hissəsini təşkil etdikdə) bağlayır, etibarnamələr verir, banklarda və digər kredit təsisatlarında hesablar açır;
5.11.5. İnstitutun işçiləri, struktur bölmələri və təhsilalanları üçün icrası məcburi olan əmr və sərəncamlar verir;
5.11.6. Elmi Şuranın qərarlarını təsdiq edir, Elmi Şuranın və Himayəçilər Şurasının qərarlarını həyata keçirir;
5.11.7. İnstitutun Büdcə Komitəsinin rəyi əsasında, Elmi Şuranın müəyyən etdiyi İnstitutun daxili strukturunu və ştat cədvəlini Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmaqla təsdiq edir;
5.11.8. Elmi Şura qarşısında elm və tədris məsələlərinə dair, Himayəçilər Şurası qarşısında İnstitutun cari fəaliyyətinə dair hesabat verir;
5.11.9. işçilərlə əmək və mülki-hüquqi müqavilələr bağlayır, işçilərin peşəkar inkişafını təşkil edir;
5.11.10. işçilərin vəzifə təlimatlarını təsdiq edir;
5.11.11. İnstitutun daxili intizam qaydalarını təsdiq edir;
5.11.12. İnstitutun cari fəaliyyəti ilə bağlı, habelə digər idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir.
5.12. İnstitutun maliyyə-təsərrüfat fəaliyyəti üzrə idarəetmə orqanı İnstitutun Büdcə Komitəsidir (bundan sonra – Büdcə Komitəsi). Büdcə Komitəsinin səlahiyyətləri, yaradılması və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilən əsasnamə və bu Nizamnamə ilə müəyyən edilir.
5.13. Büdcə Komitəsinin səlahiyyətlərinə aşağıdakılar aiddir:
5.13.1. İnstitutun illik büdcəsinin layihəsinin hazırlanması;
5.13.2. İnstitutun büdcə, maliyyə-təsərrüfat sahəsinə aid məsələlər barədə Elmi Şuraya, Rektora və Himayəçilər Şurasına tövsiyələr verilməsi, səlahiyyətlərinə uyğun olaraq maliyyə-təsərrüfat işlərinə razılıq verilməsi;
5.13.3. İnstitutun daxili strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə, həmçinin onlarda dəyişiklik edilməsinə razılıq verilməsi;
5.13.4. İnstitutun uzunmüddətli maliyyə və investisiya siyasəti ilə bağlı maliyyə planlarının hazırlanması;
5.13.5. İnstitutun əmlakının və maliyyə vəsaitlərinin idarə olunması;
5.13.6. İnstitutun maddi vəsaitinin uçotunun təşkili, ondan istifadəyə nəzarət, Himayəçilər Şurasına, təsisçiyə, statistika, maliyyə və vergi orqanlarına təqdim olunacaq hesabatların hazırlanması və İnstitutun balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətlərinin “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi.
5.14. Büdcə Komitəsi 3 (üç) üzvdən az, 5 (beş) üzvdən çox olmayan tərkibdə təşkil edilir. İnstitutun bu sahəyə cavabdeh prorektoru eyni zamanda Büdcə Komitəsinin sədridir. Büdcə Komitəsinin üzvlərini həmin prorektorun təqdimatı əsasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri beş il müddətinə təyin edir. Eyni şəxslər iki dəfədən artıq Büdcə Komitəsinin üzvü təyin edilə bilməzlər. Büdcə Komitəsinin üzvləri öz vəzifələrini ödənişli əsaslarla həyata keçirirlər.
5.15. İnstitutun Audit Komitəsi (bundan sonra – Audit Komitəsi) təhsil müəssisəsinin daxilində tədris, elm, kadr, maliyyə-təsərrüfat, beynəlxalq əlaqələr və digər məsələlərə dair nəzarət funksiyalarını həyata keçirən və birbaşa Himayəçilər Şurasına tabe olan qurumdur. Audit Komitəsinin səlahiyyətləri, yaradılması və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təsdiq etdiyi Əsasnamə və bu Nizamnamə ilə müəyyən olunur.
5.16. Audit Komitəsi 3 (üç) üzvdən az, 5 (beş) üzvdən çox olmayan tərkibdə təşkil edilir. Audit Komitəsinin üzvləri İnstitutun heç bir idarəetmə orqanında təmsil olunmayan şəxslər sırasından Himayəçilər Şurasının üzvlərinin sadə səs çoxluğu ilə beş il müddətinə seçilirlər. Eyni şəxslər iki dəfədən artıq Audit Komitəsinin üzvü təyin edilə bilməzlər. Audit Komitəsinin üzvləri öz vəzifələrini ödənişli əsaslarla həyata keçirirlər.
5.17. Audit Komitəsi üzvlərinin səlahiyyətlərinin icrası ilə bağlı İnstitutun fəaliyyətinin elm, tədris, kadr, maliyyə-təsərrüfat və digər sahələrinə aid sənəd və məlumat tələb etmək hüququ vardır.
5.18. Audit Komitəsi öz fəaliyyəti haqqında Himayəçilər Şurasına yarımillik və illik hesabatlar təqdim edir.
5.19. Fakültə İnstitutun tədris, elmi və inzibati bölməsi olub, eyni sahə və istiqamət daxilində bir və ya bir-birinə yaxın olan ixtisaslar üzrə bakalavr və magistr hazırlığını, müvafiq sahə üzrə əlavə təhsili həyata keçirir, eləcə də elmi tədqiqat və tərbiyə işlərinə rəhbərlik edir. Fakültəyə ümumi rəhbərliyi Fakültə Elmi Şurası həyata keçirir. Fakültə Elmi Şurasının səlahiyyətləri, yaradılması və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.
5.20. İnstitutun fakültələrinə dekan rəhbərlik edir.
5.21. Kafedra İnstitutun (fakültənin) əsas tədris-elm struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodik, elmi tədqiqat fəaliyyətini və əlavə təhsili həyata keçirir. Kafedranın səlahiyyətləri, yaradılması və fəaliyyətinin təşkili qaydası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi əsasnamə ilə müəyyən olunur.
5.22. İnstitutda elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər), mühəndis-texniki, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə tutulur. Bu vəzifələrə təyinolunma Rektor tərəfindən həyata keçirilir.

6.1. Təhsilalanların, təhsilverənlərin, İnstitutun inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat, mühəndis-texniki, istehsal, tədris-köməkçi və digər heyətinin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunları, bu Nizamnamə və İnstitutun daxili intizam qaydaları ilə, İnstitutla əmək münasibəti olan şəxslərə münasibətdə eyni zamanda əmək və mülki-hüquqi müqavilələrlə tənzimlənir.

7.1. İnstitutun ilkin nizamnamə fondu 100000 (yüz min) manatdır.
7.2. İnstitutun əmlakı nizamnamə fondundan, ona dövlət və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilmiş digər əmlakdan, habelə dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyət istiqamətlərinə uyğun olaraq gördüyü işlərdən, göstərdiyi xidmətlərdən əldə etdiyi daxilolmalardan, ianələrdən, qrantlardan və bu Nizamnamə ilə müəyyən edilmiş digər mənbələrdən daxil olan vəsaitdən ibarətdir.
7.3. İnstitut balansında və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır.
7.4. İnstitutun fəaliyyətinin maliyyələşdirilməsi dövlət büdcəsindən ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələrdən daxilolmalar hesabına həyata keçirilir.
7.5. İnstitut bu Nizamnaməyə əsasən göstərdiyi xidmətlər (tədris, elmi tədqiqat, məsləhət xidmətləri və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri əldə edə bilər.
7.6. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, İnstitutun özəlləşdirilməsinə yol verilmir.
7.7. İnstitutun əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir. İnstitut büdcədənkənar vəsaitləri “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xərcləyir.
7.8. İnstitutun maliyyələşdirilməsi təhsilin hər səviyyəsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativləri hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
7.9. İnstitut aşağıdakı mənbələrdən maliyyələşdirilir:
7.9.1. dövlət büdcəsinin vəsaiti hesabına;
7.9.2. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, İnstituta verilən qrantlar, vəsiyyət olunan vəsait, ianələr və yardımlar hesabına;
7.9.3. müsabiqə əsasında dövlətin ayırdığı elmi tədqiqat qrantları hesabına;
7.9.4. İnstitutun göstərdiyi məsləhət (konsaltinq) xidmətlərindən, elmi tədqiqat və nəşriyyat-poliqrafiya işlərindən, elmi-praktiki tədbirlərin təşkilindən, təhsil məhsullarının (təhsil sahəsində innovasiyalar, orijinal təhsil və fənn proqramları, təlim metodları sistemi, təhsil modulları, təhsil layihələri, tədris prosesində əldə olunan məhsul) satışından əldə etdiyi vəsait hesabına;
7.9.5. dövlət qurumları tərəfindən maliyyələşdirilən məqsədli proqramlar və layihələr üzrə əldə olunan vəsait hesabına;
7.9.6. mülkiyyətindəki fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız halda olan digər əmlakın satışından əldə etdiyi vəsait hesabına.
7.10. İnstitut bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.
7.11. İnstitut mühasibat uçotunu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada aparır.
7.12. İnstitut xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdləri (xüsusi əhəmiyyətli əqd), habelə İnstituta aidiyyəti olan şəxslərlə əqdləri (əqdin dəyəri aktivlərin 5 (beş) faiz və daha çox hissəsini təşkil etdikdə) Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə bağlaya bilər.

8.1. İnstitut öz fəaliyyəti haqqında məlumat hazırlayır və həmin məlumatı mütəmadi olaraq kütləvi informasiya vasitələrində o cümlədən rəsmi internet saytında aşağıdakılar göstərilməklə dərc etdirir:
8.1.1. İnstitutun məqsədi və fəaliyyət istiqamətləri;
8.1.2. İnstitutun hüquqi ünvanı, iş rejimi, rəsmi internet saytı, telefon nömrələri və elektron ünvanları;
8.1.3. İnstitutda mövcud olan ixtisasların adları;
8.1.4. İnstitutun xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanılması barədə məlumatı;
8.1.5. İnstitutun illik maliyyə hesabatı;
8.1.6. İnstitutun maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı il ərzində nəzarət tədbirlərinin həyata keçirilməsi məqsədilə aparılan auditin nəticələri barədə məlumatı.
8.2. Bu Nizamnamənin 8.1-ci bəndində (8.1.4-cü, 8.1.5-ci və 8.1.6-cı yarımbəndlər istisna olmaqla) nəzərdə tutulmuş məlumatlar eyni zamanda İnstitutun yerləşdiyi ərazi üzrə ictimai yerlərdə və ya inzibati binasının qarşısında yerləşdirilmiş məlumat lövhələrində göstərilir.
8.3. Hər bir şəxs İnstituta yazılı və ya şifahi müraciət edərək, onun fəaliyyəti haqqında məlumat əldə edə bilər.

9.1. İnstitut ali təhsil sahəsində beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirir. İnstitutda tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil edilir. Kredit sistemi üzrə tədrisin təşkili qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.
9.2. İnstitut, Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunlarına və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə xarici ölkələrin elm və təhsil müəssisələri, təşkilatları ilə, beynəlxalq qurumlarla birbaşa əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli müqavilələr bağlaya, tədris prosesinə əcnəbi mütəxəssislər cəlb edə, təhsil sahəsində fəaliyyət göstərən qeyri-kommersiya qurumlarına (ittifaqlar, birliklər, assosiasiyalar və s.) daxil ola bilər.
9.3. Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Elm haqqında” qanunlarına uyğun olaraq, İnstitutun Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təkliflərini nəzərə alaraq, beynəlxalq səviyyəli birgə elm və təhsil layihələri hazırlamaq, elmi-praktik konfranslar, simpoziumlar keçirmək, tələbələrin, magistrlərin, doktorantların, müəllimlərin və elmi işçilərin mübadiləsi, iddia sənədinin və ya patentlə bağlı hüquqların özgəninkiləşdirilməsi ilə məşğul olmaq hüququ vardır.
9.4. Azərbaycan Respublikasının “Təhsil haqqında”, “Elm haqqında” qanunlarına və bu Nizamnaməyə uyğun olaraq, İnstitutun öz fəaliyyətinin keyfiyyətini yüksəltmək və beynəlxalq əlaqələrini genişləndirmək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı ilə xarici tərəfdaşlarla birlikdə ölkə daxilində və xarici dövlətlərdə müştərək struktur bölmələri (mərkəzlər, laboratoriyalar və s.) yaratmaq hüququ vardır.

10.1. İnstitutun yenidən təşkilini və ləğvini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
10.2. İnstitut ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.

sub menu