Aİİ müəlliminin məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub

02 October, 2026

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Aliyə Mürsəlovanın “Müqəddəs zaman və gündəlik zaman: Azərbaycanın dini mədəniyyətində Qafqaz albanları və dağ yəhudilərinin “zaman” anlayışları” (“Sacred Time and Ordinary Time: Caucasian Albanian and Mountain Jewish Temporal Concepts in the Religious Culture of Azerbaijan”) adlı məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub.

Məqalə Latviyanın Mədəniyyət Akademiyasının İncəsənət və Mədəniyyət Araşdırmaları İnstitutu tərəfindən nəşr olunan “Culture Crossroads” jurnalının 34-cü cildində yer alıb.

Tədqiqatda Azərbaycanın çoxkonfessiyalı dini-mədəni mühitində Qafqaz albanlarının, xüsusilə udilərin və dağ yəhudilərinin “zaman” anlayışları müqayisəli şəkildə araşdırılıb. Müəllif dini ənənələrdə müqəddəs və gündəlik zamanın formalaşmasını, onların mərasimlərdəki rolunu, eləcə də bu anlayışın mədəni kimlik və dinlərarası münasibətlərlə əlaqəsini təhlil edib.

Məqalədə Azərbaycanın dini tarixinin öyrənilməsində “zaman” anlayışının əhəmiyyəti diqqətə çatdırılıb. Müxtəlif dini icmaların zamanla bağlı təsəvvürlərinin araşdırılması ölkənin mədəni irsinin, dini müxtəlifliyinin və dinlərarası qarşılıqlı əlaqələrin daha dərindən öyrənilməsinə töhfə verir.

Qeyd edək ki, “Culture Crossroads” incəsənət və mədəniyyət sahəsində multidisiplinar tədqiqatların nəşrinə həsr olunmuş beynəlxalq resenziyalı elmi jurnaldır. Nəşr “Scopus”, “EBSCO”, “ERIH PLUS”, “Ulrich’s” və “CEEOL” kimi beynəlxalq elmi məlumat bazalarında indekslənir.

sub menu