“Ərəb şeiri” müsabiqəsi

15 May, 2023

Bakı Avrasiya Universiteti ilə Səudiyyə Ərəbistanı Krallığının Kral Abdulla bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəzin birgə yaratdığı “Ərəbşünaslıq Mərkəzi”nin təşkilatçılığı ilə respublikamızda fəaliyyət göstərən bəzi ali təhsil müəssisələrinin tələbələri arasında şeir müsabiqəsi keçirilib. Müsabiqəyə ərəb dilini tədris edən ali təhsil müəssisələrinin, o cümlədən Azərbaycan İlahiyyat İnstitutunun tələbələri qoşulublar.

Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Murad Kərəmovun müqəddəs kitabımız Qurani-Kərimdən mübarək ayələri oxuması ilə müsabiqəyə start verilib. İştirakçılar əvvəlcədən təyin edilmiş münsiflər heyətinin qarşısında ərəb dilində şeirlər səsləndiriblər. Münsiflər heyətində ölkəmizin görkəmli ərəbşünas alimləri – fil.ü.f.d. Tofiq Abdullayev, dos. Salman Süleymanov, dos. Heybət Heybətov, dos. İlkin Əlimuradov və Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyinin İqtisadiyyat və mədəniyyət şöbəsinin rəhbəri Vael Alşreef təmsil olunublar. Müsabiqənin yekun mərhələsinə 36 nəfər tələbə buraxılıb. Münsiflər heyəti müsabiqə iştirakçılarının şeiri bədii cəhətdən təqdim etmə bacarıqlarını, ərəb dilində onu səlis ifadə etmə qabiliyyətlərini qiymətləndiriblər.

Tədbirdə Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyr də iştirak edib. Müsabiqə iştirakçılarını salamlayan səfir ərəb ədəbiyyatının müasir vəziyyəti və inkişafından danışıb. Ərəb şeirinin öz məzmunu və bədii ifadə tərzi ilə ərəb mədəniyyətini tərənnüm etməsindən bəhs edən səfir gözəl şeir nümunələri təqdim etməklə tədbir iştirakçılarının diqqətini cəlb edib.

Müsabiqə iştirakçılarını qiymətləndirən münasiflər heyəti sonda qalibləri elan edib. Bakı Avrasiya Universitetinin tələbəsi Nərminə Məmmədova 1-ci yerə layiq görülüb. 2-ci yeri Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Murad Kərəmov və Bakı Dövlət Universitetinin tələbəsi Simuzər Məmmədzadə, 3-cü yeri Bakı Dövlət Universitetinin tələbələri Sahib İbayev və Mohammedali Axundov tutblar. Qaliblərə qiymətli hədiyyələr, pul mükafatı və sertifikatlar təqdim olunub.

alt menü