Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri İlahiyyat İnstitutunun rektoru ilə görüşüb
Misir Səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri, prof. Tarek Mohammed Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinovla görüşüb.
Görüşdə ali təhsil müəssisəsi ilə Mərkəz, eləcə də Misir universitetləri ilə mümkün əməkdaşlıq perspektivləri və istiqamətləri müzakirə olunub.
İnstitut rektoru Aqil Şirinov ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Qeyd edib ki, Aİİ-də ölkəmizdəki mövcud tolerant, multikultural mühit nəzərə alınmaqla tədris həyata keçirilir.
Müəssisədə təhsilin hər üç pilləsi üzrə tədris həyata keçirildiyini qeyd edən rektor vurğulayıb ki, Aİİ-də təhsil ödənişsiz əsaslarla həyata keçirilir.
Aqil Şirinov İnstitutun ilahiyyat sahəsində tanınmış xarici ölkə universitetləri ilə beynəlxalq əlaqələrin qurulmasında maraqlı olduğunu nəzərə çatdırıb. Bildirib ki, bu istiqamətdə imzalanmış müqavilələrə əsasən tələbə mübadilələri həyata keçirilir, elmi konfranslar, akademik heyətin tələbələr üçün seminarları təşkil olunur.
Misir Səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri, prof. Tarek Mohammed Misirdə fəaliyyət göstərən ali təhsil müəssisələri ilə Aİİ arasında əlaqələrin qurulması, əməkdaşlıq müqavilələrinin imzalanması üçün səy göstərəcəyini, əlindən gələni əsirgəməyəcəyini bildirib.
Sonda qonaq İnstitutun kitabxanası ilə tanış olub.