İlahiyyat İnstitutunun rektoru "Yüksəl" layihəsi çərçivəsində seminarda çıxış edib
Mayın 8-də Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov Bakı Kitab Mərkəzində keçirilən seminarda “Azərbaycanda dini tolerantlıq” mövzusunda çıxış edib.
“YüksƏl” maarifləndirmə layihəsinin “Yaz seminarları” çərçivəsində təşkil olunan seminarda Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri iştirak ediblər.
Aqil Şirinov bildirib ki, Azərbaycanda tarixən formalaşmış birgəyaşayış ənənəsi dünyada mövcud olan nümunəvi modellərdən biridir. İnstitut rəhbəri Azərbaycanın birgəyaşayış modelinin təkcə dinlər və mədəniyyətlərarası münasibətlərdə deyil, eyni zamanda İslam daxilindəki məzhəblərarası əlaqələrdə də tarixən nümunəvi bir xarakter daşıdığını diqqətə çatdırıb.
“Bu gün biz İslam dünyasının bir çox bölgəsində məzhəb mərkəzli münaqişələri üzülərək seyr edirik. Azərbaycan bu baxımdan da bütün İslam dünyasında örnək bir ölkədir. Tarix boyu ölkəmizdə İslamın iki böyük məzhəbinə mənsub insanlar yaşasalar da, onlar arasında heç vaxt məzhəb zəminində mənfi hallar baş verməmişdir.”
A. Şirinov Azərbaycanda İslamla yanaşı digər dinlərin nümayəndələrinin də sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını, onların heç bir diskriminasiya halı ilə qarşılaşmadıqlarını vurğulayıb.
Seminar zamanı tələbələr qonağa mövzu ilə bağlı suallar ünvanlayıblar və seminar dialoq şəraitində davam edib.
Sonda tədbir iştirakçılarına Baku Book Center tərəfindən kitablar hədiyyə olunub.