İlahiyyat İnstitutunun nümayəndə heyəti Türkiyənin bir sıra universitetlərində görüşlər keçirib
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) nümayəndə heyəti Türkiyə Respublikasının ali təhsil müəssisələri ilə görüşlər keçirmək məqsədilə səfərdə olub.
Səfər çərçivəsində Türkiyənin İstanbul şəhərində Mərmərə Universiteti, 29 Mayıs Universiteti, İzmir şəhərində İzmir Katib Çələbi Universitetində görüşlər keçirilib.
Görüşlər zamanı təhsil və elm sahəsində qarşılıqlı və uzunmüddətli əməkdaşlıq, tədris prosesindəki təcrübələr ilə əyani şəkildə tanış olmaq və bu sahə üzrə mövcud yeniliklərin öyrənilməsi, elmi əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında geniş fikir mübadiləsi aparılıb. Həmçinin tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı biliklərin bölüşdürülməsi, elmi-tədqiqat proqramlarının, layihələrin birgə təşkili, tələbə mübadiləsi və digər məsələlər müzakirə olunub.
Məlumat üçün bildirək ki, Aİİ öz fəaliyyətində beynəlxalq əlaqələrə, xarici ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verir. Aİİ öz fəaliyyətində dünya ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanaraq, Azərbaycanda yüksək dini biliklərə, zəngin dünyagörüşünə malik mütəxəssislərin hazırlanmasını qarşısına məqsəd qoyub.