İlahiyyat İnstitutunun kafedra müdiri beynəlxalq elmi seminarda çıxış edib

16 Dekabr, 2021

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov Beyrutda yerləşən Ərəb Dili üzrə Struktur Bölmələrin Beynəlxalq Təşkilatı tərəfindən onlayn formatda təşkil olunmuş “Keçmiş SSRİ-nin tərkibinə daxil olan respublikalarda ərəb dili” mövzusunda beynəlxalq elmi seminarda “Azərbaycanın mədəni irsinin öyrənilməsində ərəb dilinin mühüm rolu” adlı məruzə ilə çıxış edib.

İ.Əlimuradov çıxışında ərəb dilinin milli irsimizin, xüsusilə Orta əsrlərdən başlayan tariximizin araşdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Ölkəmizdə istər ərəbdilli, istərsə də ərəb hərfləri ilə yazılmış xeyli sayda əlyazmanın, dini-mədəni abidələrin olduğunu seminar iştirakçılarının diqqətinə çatdıran İ.Əlimuradov daha sonra bildirib ki, milli irsin öyrənilməsində ərəb dilinin rolu müstəsnadır.

Məruzəçi daha sonra İslam mədəniyyətinin formalaşmasında, elmi, dini və mədəni fəaliyyətlərin inkişafında azərbaycanlı alimlərin rolundan bəhs edib. İ.Əlimuradov Azərbaycan və ərəb xalqları arasında mövcud olan və uzun illəri əhatə edən əlaqələrin bu gün də uğurla davam etdiyini vurğulayıb.

İ.Əlimuradov konfrans iştirakçılarının diqqətini ərəb dilinin dini elmlərin, xüsusilə də İslam ilahiyyatının öyrənilməsindəki müstəsna roluna yönəldərək, Azərbaycan İlahiyyat İnstitutunda bu dilin tədrisinə xüsusi diqqət yetirildiyini nəzərə çatdırıb.

Qeyd edək ki, tərtib olunmuş proqrama uyğun olaraq, beynəlxalq elmi seminarın növbəti panelinin moderatorluğu İ.Əlimuradova həvalə olunub. Seminarda keçmiş SSRİ-nin tərkibinə daxil olan respublikalardan, eləcə də müxtəlif ərəb dövlətlərindən alim və mütəxəssislər iştirak ediblər.

alt menü