İlahiyyat İnstitutunun dekanı Elnurə Əzizovanın həmmüəllif olduğu əsər Kembricdə nəşr olunub
Azərbaycan İlahiyyat İnstitutu İlahiyyat fakültəsinin dekanı, i.f.d., dos. Elnurə Əzizovanın həmmüəllif olduğu “Quran tərcümələri: Şərq blokunda və kənarda” (Qur’an Translations in the Eastern Bloc an Beyond) əsəri Kembricin “Open Book Publishers” nəşriyyatında çap olunub. Əsərdə keçmiş Şərq blokunun müxtəlif ölkələrində nəşr olunmuş Quran tərcümələri ideoloji dəyişiklik və dini kimliyin təşəkkülü kontekstində təhlil edilir. Postsovet ölkələrində Quran tərcümələrinin ilk dəfə hərtərəfli şəkildə tədqiqata cəlb olunduğu əsər bu sahədəki elmi ədəbiyyata mühüm töhfə sayılır. Əsərin mühüm xüsusiyyətlərindən biri də onun “Web of Science Book Citation” və “Scopus” kimi elmmetrik bazalar tərəfindən indekslənməsidir.
Əsərin Elnurə Əzizovanın müəllif olduğu “Postsovet Azərbaycanında Quranəsaslı siyər inşa etmək: Azərbaycan dilindəki Quran tərcümələrində Peyğəmbərin tərcümeyi-halına fiqhi-etiqadi məktəblərin yanaşması” (“Constructing a Qur’an-Based sira in Post-Soviet Azerbaijan: Denominational Approaches to the Prophet’s Biography in Azerbaijani Qur’an Translations”) fəslində Quran tərcümələrində Məhəmməd peyğəmbərin tərcümeyi-halının təqdim olunduğu hissələrdə ön plana çıxarılan məqamlar müqayisəli təhlil olunur.
E.Əzizova Azərbaycanda tarixən mövcud olmuş mədəni müxtəliflik, dini tolerantlıq və multikulturalizm ənənəsindən və müasir dövrdə bu dəyərin qorunaraq inkişaf etdirilməsi üçün həyata keçirilən fəaliyyətlərdən bəhs edir. Müəllif, həmçinin bu ənənə ilə Quran tərcümələri arasındakı paralelliyə diqqət çəkir.
Dosent E.Əzizova Azərbaycan dilində nəşr olunmuş on dörd Quran tərcüməsini Həzrət Peyğəmbərin tərcümeyi-halı kontekstində üç qrupda təhlil edir. Birinci qrupda – sovet dövründə yetişmiş azərbaycanlı ərəbşünasların 1980-ci illərin sonundan 1990-cı illərin əvvəllərinə qədərki ilk Quran tərcümələri; ikinci qrupda – xarici qurum və təşkilatların dəstəyi ilə 1990-cı illərin sonundan 2000-ci illərin əvvəllərinə qədər həyata keçirilən institusional Quran tərcümələri; üçüncü qrupda – 2010-cu ildən müasir dövrə qədərki müxtəlif növ Quran tərcümələri müqayisəli şəkildə təhlil olunur.
Sözügedən tədqiqatla aşağıda göstərilən link vasitəsilə tanış olmaq mümkündür:
https://www.openbookpublishers.com/books/10.11647/obp.0444/chapters/10.11647/obp.0444.06