İlahiyyat İnstitutunda “Müqəddəs irs” filmi nümayiş olunub
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Müqəddəs irs” filmi nümayiş olunub.
Açılış nitqi ilə çıxış edən Aİİ rektoru Aqil Şirinov Tuğ kəndində lentə alınmış filmin Qafqaz Albaniyasının tarixi irsi olan Alban məbədlərinə həsr olunduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Vətən müharibəsində qazandığımız parlaq Zəfərdən sonra, əsas məsələlərdən biri də vaxtilə işğal altında olmuş ərazilərimizdə ermənilərin törətdikləri dağıntılar, vandalizm aktları barədə faktların dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu istiqamətdə ölkə Prezidenti cənab İlham Əliyev müharibə və savaşdansonrakı dövrdə ermənilərin cinayətlərini faktlarla dünya ictimaiyyətinə çatdırıb. Hazırda Qarabağda quruculuq işlərinin sürətlə davam etdiyini bildirən rektor A.Şirinov vurğulayıb ki, xalqımızın tarixi irsi olan Alban məbədlərinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində dövlətimiz mühüm addımlar atır. Bizim də vəzifəmiz bu prosesdə yaxından iştirak etmək, haqq səsimizi dünyaya çatdırmaqdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev redaktoru olduğu “Müqəddəs irs” filmi haqqında məlumat verib. O, filmdə Xocavənd rayonunun Tuğ kəndində yerləşən qədim tarixi Alban məbədlərinin lentə alındığını, həmin abidələr üzərində ermənilər tərəfindən sonradan törədilmiş saxtakarlıq əməllərini nəzərə çatdırıb. Filmdə bu saxtakarlıqlarla bağlı tarixçi alimlərin, eləcə də din xadiminin fikirləri, o cümlədən Tuğ kəndində qədim zamanlardan məskunlaşmış məşhur ailələr və ziyalılar haqqında məlumatlar yer alıb.
Ayaz Mirzəyev filmdə yer almış sözügedən faktların rəsmi İrəvanın ərazilərimizə qarşı tarixi-mədəni irs kontekstində irəli sürdüyü iddiaların yalan və əsassız olduğunu bir daha sübuta yetirdiyini vurğulayıb.
Qeyd edək ki, Xocavənd rayonunun Tuğ kəndinə həsr olunan “Müqəddəs irs” filmi Media Təhlil Mərkəzi və CBC telekanalının birgə əməkdaşlığı ilə hazırlanıb. Filmin ideya müəllifi CBC kanalının Baş direktoru Vüqar Xəlilov, redaktoru Ayaz Mirzəyev, rejissoru isə Zəka Quluyevdir.