İlahiyyat İnstitutunda misirli qonaqla görüş baş tutub
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası İslam Məsələləri Ali Şurasının Baş katibi Məhəmməd Əbdül Rəhim əl-Bayumi və Azərbaycanın Misirdəki diasporunun sədri Seymur Nəsirov ilə görüş keçirilib.
Aİİ rektoru, dos. Aqil Şirinov qonaqları salamlayaraq, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. İnstitut haqqında qonaqlara geniş məlumat verən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına, Misir universitetləri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. İnstitutda mövcud olan təhsil səviyyələri və ixtisaslar barədə danışan A.Şirinov bildirib ki, Aİİ-də təhsil ödənişsiz əsaslarla həyata keçirilir.
Aİİ rəhbərliyinə təşəkkürünü bildirən Misir Ərəb Respublikası İslam Məsələləri Ali Şurasının Baş katibi Məhəmməd Əbdül Rəhim əl-Bayumi, öz növbəsində, Azərbaycan və Misir arasında əlaqələrin yüksək səviyyədə olduğunu, bu münasibətlərin inkişaf dövrü yaşadığını qeyd edib. O, Misir və Azərbaycan universitetləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyətini vurğulayıb.
Daha sonra qonaqlar İnstitutun müəllim-tələbə heyəti ilə görüşüblər.
Rektor Aqil Şirinov giriş nitqi ilə qonaqları təqdim edib, həmçinin görüşün əhəmiyyətini vurğulayıb.
Azərbaycanın Misirdəki diasporunun sədri Seymur Nəsirov çıxış edərək, ölkəmizin müxtəlif sivilizasiyaların qovuşduğu məkan olduğunu, əsrlərboyu bu ərazidə milli-mədəni rəngarəng mühitin formalaşdığını, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığını nəzərə çatdırıb. İyirmi ildən artıq müddətdə ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat apardığını bildirən diaspor sədri 250-dən çox əslən azərbaycanlı olan alim haqqında iki kitabın müəllifi olduğunu da vurğulayıb.
Misir Ərəb Respublikası İslam Məsələləri Ali Şurasının Baş katibi Məhəmməd Əbdül Rəhim əl-Bayumi çıxışında Azərbaycanla bağlı təəssüratlarını bölüşüb. O, Aİİ-də olmaqdan və tələbələrlə görüşdən məmnun olduğunu bildirib, İnstitutun fəaliyyətinə uğurlar arzulayıb.
Məhəmməd Əbdül Rəhim əl-Bayumi islamofobiya və radikalizmlə mübarizə mövzusuna da toxunub. Dini radikalizm və ekstremizmin törətdiyi fəsadlardan bəhs edən qonaq bu sahədə aparılan maarifləndirmənin əhəmiyyətindən danışıb.
Görüş interaktiv formada davam edib.