İlahiyyat İnstitutu Quba rayonunda abituriyentlərlə görüş təşkil edib

29 Aprel, 2022

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 2022-2023-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərinə davam edir. İnstitut heyətinin növbəti səfəri Quba rayonuna olub.

Quba rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə İlahiyyat İnstitutunun fəaliyyəti, tədris olunan ixtisaslar və qəbul qaydaları barədə ətraflı məlumat verilib.

Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sisteminin inkişafı ilə bağlı aparılan islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Respublikamızın təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb və proses hazırda da davam edir. Bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər qazanmasına gətirib çıxarır.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. Bildirilib ki, Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, eyni zamanda, ali təhsil müəssisəsinin yeni binasının açılış mərasimində ölkə başçısının şəxsən iştirakı buna bariz nümunədir. İnstitutun yeni binasında tələbələr üçün lazımi şərait yaradılıb.

M.Mürsəlov ali təhsil müəssisəsinin məqsəd və hədəfləri haqqında da ətraflı məlumat verərək qeyd edib ki, Aİİ-yə qəbul olunmuş hər abituriyent ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq.
İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov tələbələrin daha yaxşı təhsil almaları üçün ali təhsil müəssisəsində yaradılan şəraitdən söhbət açıb, həmçinin tədris prosesi, keçirilən fənlər haqqında məlumat verib. Qeyd edilib ki, İnstitut kollektivi gənclərin zəngin dünya görüşlü, dərin dini və dünyəvi biliklərə yiyələnən bacarıqlı kadrlar kimi yetişmələri istiqamətində səylə çalışır.

Aİİ Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova təqdimatla çıxış edərək, ali təhsil müəssisəsinə qəbul prosesinin hansı formada təşkil olunduğu, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. O, müəssisənin fəaliyyəti, səfərləri, tələbələr üçün təşkil edilən yay və qış məktəbləri barədə danışıb.

Tədbirdə abituriyentlərə, orta məktəb müəllimlərinə, aidiyyəti dövlət qurumlarının nüməyəndələrinə Aİİ-nin tanıtım videoçarxı, ictimai fəaliyyətini əks etdirən materiallar nümayiş etdirilib.

alt menü