Elvüsal Məmmədovun “Ərəb dili” dərsliyi nəşr olunub

01 Avqust, 2022

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun müəllifi olduğu “Ərəb dili” dərsliyi nəşr olunub.
Dərslik Azərbaycan İlahiyyat İnstitutu İlahiyyat fakültəsinin “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə təhsil alan I-II kurs tələbələri üçün tərtib olunub.
Kitabda qarşıya qoyulan başlıca məqsəd ərəb dili üzrə oxu, yazı və tərcümə bacarıqlarını formalaşdırmaq, tələbələrdə müasir ərəb dilinin lazımi səviyyədə mənimsənilməsini təmin edəcək məlumat bazası yaratmaqdır.
Kitab 20 dərsdən, əksəriyyəti dini mövzulara aid 12 mətn və ərəbcə-azərbaycanca qısa lüğətdən ibarətdir. Mövzular sadədən-mürəkkəbə, asandan-çətinə doğru bölüşdürülüb. Belə ki, leksik-qrammatik mövzuları ilk semestr üçün çox asan, ikinci semestr üçün orta-çətin, üçüncü və dördüncü semestrlər üçün nisbətən çətin olaraq səciyyələndirmək mümkündür. İyirmi dərsdən ibarət olan kitabda ərəb dilinin fonetikası, morfologiya və sintaksisi tələbələrdə lazımi söz ehtiyatını formalaşdıracaq nümunələr (sözlər və cümlələr) əsasında praktik şəkildə öyrədilir.
Hər bir qrammatik mövzuya dair seçilmiş tapşırıqlar tələbələrdə praktik və nəzəri biliklərin möhkəmləndirilməsinə xidmət edir.
Dərslikdən yalnız İlahiyyat fakültəsi tələbələri deyil, həmçinin ərəb dili ilə maraqlanan hər kəs faydalana biləcək.

alt menü