Dövlət Komitəsinin sədri Aİİ-də təhsil alan tələbənin evini ziyarət edib

27 Fevral, 2025

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu tərəfindən (Aİİ) “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində 2024/2025-ci tədris ilində qəbul olan tələbələrin ailələri ziyarət olunur.

Fevralın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Aİİ-nin rəhbər heyəti və müəllimləri “Dünşünaslıq” ixtisasının I kurs tələbəsi Mühəmmədəli Yaqubovun ailəsinin qonağı olublar.
Komitənin sədri Aİİ-də gənclərə göstərilən dövlət qayğısından bəhs edib, tələbələrə təhsil aldıqları müddətdə savadlı kadrlar kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. Ramin Məmmədov “Qonağınız müəllimlərinizdir” layihəsinin əhəmiyyətindən bəhs edib, İnstitutla tələbələrin ailələri arasında sıx münasibətlərin təhsil prosesinə müsbət təsirindən danışıb.

Tələbənin valideynləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, dövrün tələblərinə cavab verən dinşünas və islamşünas kadrların hazırlanması istiqamətində ailə və təhsil qurumunun qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi, imkanlarının dəyərləndirilməsidir.

alt menü