İlahiyyat İnstitutunun təşkil etdiyi “Qış məktəbi”nin üçüncü günü

09 February, 2022

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Lənkəran rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət-3” mövzusunda “Qış məktəbi”nin üçüncü günü seminar və ziyarətlərlə davam edib.
Günün birinci yarısında tələbələr üçün Lənkəran Dövlət Universitetinin baş müəllimi, AMEA Lənkəran Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərovun təqdimatında seminar təşkil olunub.
“Azərbaycanın Cənub-Şərq bölgəsində aşkarlanmış dəfinələr” mövzusunda məruzə edən Mayis Cəfərov bildirib ki, ölkəmizin müxtəlif bölgələri kimi,sözügedən region da zəngin maddi-mədəniyyət nümunələri, o cümlədən numizmatik materiallar ilə zəngindir.
Mövzu haqqında geniş məlumat verən M.Cəfərov vurğulayıb ki, aşkarlanan təksaylı tapıntılar və sikkə dəfinələri bölgə ərazisinin Azərbaycanın siyasi-iqtisadi və mədəni mərkəzlərindən biri olduğunu sübut edir.
M.Cəfərov daha sonra bildirib ki, Cənub-Şərq regionunda aşkarlanmış numizmatik tapıntıların araşdırılması və tədqiqi vacib məsələlərdən biri hesab olunur. Çoxəsrlik Azərbaycan dövlətçilik tarixinin, onun atributlarının öyrənilməsi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət kəsb edir.
Layihə iştirakçıları günün ikinci yarısında “Böyük Bazar” Məscidini, Həzi Aslanovun Ev-Muzeyini və “Şeyx Zahid” türbəsini ziyarət edəcəklər.
Xatırladaq ki, fevralın 11-nədək davam edəcək “Qış məktəbi”nin təşkilində əsas məqsəd tələbələrin dünyagörüşlərinin zənginləşdirilməsi, onları ölkəmizdə mövcud olan multikultural durum və tolerant mühit ilə tanış etməkdir.

sub menu