“Azərbaycanda dini təhsil – mövcud durum və vəzifələr” mövzusu müzakirə olunub

13 June, 2022

Azərbaycan Respublikası Milli Məclisi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə 13 iyun 2022-ci il tarixdə “Azərbaycanda dini təhsil – mövcud durum və vəzifələr” mövzusunda konfrans keçirilib.

Açılış nitqi ilə çıxış edən Aİİ rektoru Aqil Şirinov bildirib ki, müasir Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulması və inkişafı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Bu sahədə ulu öndər Heydər Əliyev tərəfindən yaradılan müdrik siyasi-mənəvi xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz bütün sahələrdə olduğu kimi, din sahəsində də nümunəvi ölkəyə çevrilir”.

Dini təhsil sahəsində problemlərə toxunan A.Şirinov qeyd edib ki, din spesifik istiqamət olduğu üçün bu sahədə ölkə gerçəklikləri nəzərə alınaraq tədris həyata keçirilməlidir. Aİİ rektoru ali təhsil müəssisənin fəaliyyəti haqqında məlumat verərək, qarşıda duran vəzifələr haqqında söhbət açıb.

Milli Məclisin Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli ilk olaraq tariximizin və taleyimizin ən şərəfli səhifəsi olan 44 günlük Vətən müharibəsində qələbəmizə diqqət çəkib. F.İbrahimli konfransın əhəmiyyətinə toxunaraq bildirib ki, din təhsili milli dəyərlərimiz, eləcə də ölkəmizin tolerant mühiti nəzərə alınmaqla həyata keçirilməlidir. Milli Məclisin sədrinin müavini xalqımızın dini qadağaların mövcud olduğu sovet dövründə belə dini inanclarını qoruduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

DQİDK-nın sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətinə toxunaraq, dövlət-din münasibətləri modeli, eləcə də dini ali və orta təhsil mövzusunda silsilə tədbirlərin keçirilməsini vacib hesab etdiyini bildirib.

Komitə sədri qeyd edib ki, əvvəllər məscid yanında fəaliyyət göstərən mədrəsələrdə din təhsili ilə yanaşı, dünyəvi təhsil də tədris edilirdi. Müasir dövrdə Azərbaycanda dini təhsilin əhəmiyyətinə toxunan M.Qurbanlı orta məktəblərdə şagirdlərin dinlərlə bağlı müəyyən biliklərə yiyələnmələrinin vacibliyini də vurğulayıb: “Müasir dövrdə dini təhsil sahəsində əsas vəzifələrdən biri də gənclərin bütün dinlər haqqında ətraflı məlumatlarının olmasıdır. Dindən istifadə edən radikal və ekstremist qrupların təsiri altına düşməmələri üçün gənclərə dini biliklər düzgün öyrədilməli, dini ali və orta təhsil yüksək səviyyədə tədris olunmalıdır”.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, f.f.d. Fuad Nurullayev “Azərbaycanda dini təhsil – mövcud durum və vəzifələr” mövzusuna toxunaraq, gənc nəslin tərbiyəsinin ailənin başlıca funksiyalarından biri olduğunu vurğulayıb. Qeyd edib ki, bu məsələ valideynlərin ən mühüm vəzifələrindən biridir. F.Nurullayev, həmçinin ailədə əxlaqi dəyərlərin düzgün təbliğ olunmasının vacibliyi məsələsinə də toxunub.

Millət vəkili Anar İsgəndərov bildirib ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, xalqımız yenidən milli-mənəvi dəyərlərinin sahibi kimi çıxış etməyə başlayıb. Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət-din münasibətlərinin tənzimlənməsinin və inkişafının əsası qoyulub. Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətinə uğurlar arzulayan Anar İsgəndərov ali təhsil müəssisəsinin tələbələrinin ölkəmizdə dövlət-din münasibətlərinin inkişafında, eyni zamanda, milli-mənəvi dəyərlərimizin qorunmasında böyük rolu olacağını diqqətə çatdırıb.

Millət vəkili Ceyhun Məmmədov Azərbaycanın dünyada unikal məkan olaraq tanındığını, tarixən ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh və anlaşma şəraitində yaşadıqlarını bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin din sahəsində atdığı ən böyük addımlardan biri 2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncamı olub. C.Məmmədov vurğulayıb ki, ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması dövlətin din sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, i.f.d. Mehman İsmayılov dinin ideoloji məsələ olduğunu vurğulayaraq, dinin tədrisinin vacibliyini nəzərə çatdırıb. Həmçinin Azərbaycan İlahiyyat İnstitutunun tələbələrinə qarşılarında duran önəmli vəzifələrində uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, f.e.d. Könül Bünyadzadə fəlsəfə ilə ilahiyyat elmlərinin qarşılıqlı öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Dini təhsilin düşüncənin çərçivələrini genişləndirdiyini, insanın təkcə mənəvi deyil, həm də məntiqi olaraq dinə yanaşdığını vurğulayıb.

Aİİ İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova orta məktəblərdə tədris olunan “Həyat bilgisi” dərsliklərində dini biliklərin statistikasını göstərərək, ziddiyyətli faktlara və təkrarlara rast gəlindiyini vurğulayıb. Həmçinin məlumatların dinlərlə əlaqəli sistemli şəkildə təqdim olunmamasına da diqqət çəkib.

E.Əzizova daha sonra kvantitativ məzmun analizi və kvalitativ mövzu analizi metodlarından istifadə olunaraq, “Həyat bilgisi” dərsliklərində dinə baxışı əks etdirən üslub, məzmun və vizuallar amillərini dəyərləndirib. Gələcəkdə belə dərsliklərin yazılması zamanı uşaqların yaş psixologiyasının nəzərə alınmasının vacib olduğunu nəzərə çatdırıb. Məruzəçi “Həyat bilgisi” dərsliklərində, ümumilikdə, dinin necə təmsil olunduğu, onun hansı anlayışlarla əlaqələndirilərək təqdim edildiyi, dini biliklər aşılanan zamanı hansı üslubdan yararlanıldığı, Azərbaycanın özünəməxsus dini demoqrafiyasının hansı səviyyədə diqqətə alındığı, dini tolerantlığın Azərbaycan modelinin necə əks olunduğu məsələlərinə də aydınlıq gətirib.

Aİİ İlahiyyat fakültəsinin dekan müavini Asəf Qənbərov din təhsilinin əhəmiyyətini vurğulayaraq, cəmiyyətin dini baxımdan maarifləndirilməsi, din təhsilinin metodologiyası baxımından onun tədrisinin həyata keçirilməsi və din təhsilinin məzmun baxımından hansı mövzuları əhatə etməsi barədə təqdimatla ətraflı çıxış edib. A.Qənbərov bundan başqa, din təhsilində metodoloji yanaşmalara toxunaraq, dünya təcrübəsində din dərsinin statusu barədə nümunələr göstərib. Azərbaycanda din təhsili metodologiyası və dövlət-din münasibətlərində onun hansı yollarla tənzimləndiyi barədə fikirlərini bölüşüb.

sub menu