Gəncədə “Geriyə baxma “ kitabının təqdimat mərasimi keçirilib

10 June, 2022

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gəncə Regional Mədəniyyət İdarəsi ilə birgə Gəncə Şəhər Mərkəzi Kitabxanasında Xocalıda qətlə yetirilmiş 70 ahıl insanın faciəvi taleyindən bəhs edən “Geriyə baxma” (müəllif: Səriyyə Müslümqızı) kitabının təqdimat mərasimini keçirib.

Öncə Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Qədimova qonaqları salamlayıb. Azərbaycanlılara qarşı törədilən soyqırımı aktlarının dünyaya tanıdılmasının vacibliyinə toxunub. Kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Aİİ Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov çıxışında təmsil etdiyi ali təhsil müəssisəsinin azərbaycanlılara qarşı törədilən soyqırımı aktlarının, Qarabağ həqiqətlərinin dünyaya tanıdılması və çatıdırılması yönündə əlindən gələni əsirgəmədiyini mərasim iştirakçılarının nəzərinə çatdırıb. A.Qafarov vurğulayıb ki, Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan “Geriyə baxma” kitabının da nəşr etdirilməsində əsas məqsəd də budur.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədov çıxış edərək, Aİİ-nin fəaliyyəti barədə danışıb. Bildirib ki, İnstitut gənclərin zəngindünyagörüşlü, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi üçün səy göstərir.

“Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyi Səriyyə Cəfərova müəllifi olduğu “Geriyə baxma” kitabı haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycan İlahiyyat İnstitutu və “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyi tərəfindən ərsəyə gələn kitab 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalları tərəfindən törədilən Xocalı soyqırımından bəhs edir. Soyqırımı zamanı 613 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib ki, onlardan 70 nəfəri ahıldır. Bu insanların faciəvi həyatı kitabda öz əksini tapıb.

Tədbirdə Xocalı hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib.

Daha sonra tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri çıxış edib, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Məlumat üçün bildiririk ki, Aİİ Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar olaraq “Geriyə baxma” kitabını nəşr etdirib.

sub menu