Aİİ-nin kafedra müdiri beynəlxalq tədbirdə çıxış edib

30 March, 2022

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov Türkiyənin Qazi Universitetinin “Türk dünyasının qabaqcıl elm adamları konfranslar silsiləsi” (“Türk dünyasının öncü bilim insanları konferanslar dizisi”) mövzusunda təşkil etdiyi vebinarda mühazirə ilə çıxış edib.

Tədbir “ZOOM” platforması üzərindən onlayn formatda keçirilib.

Konfransda Qazi Universitetinin rektoru, professor Musa Yıldız, Universitetin Layihələrin Təşkili və Araşdırma Mərkəzinin müdiri, professor Salih Şahin, müdir müavini, dosent Asuman Aşık, professor və müəllim heyəti, həmçinin tələbələr iştirak ediblər.

Professor Salih Şahinin moderatorluq etdiyi tədbirdə dosent Anar Qafarovun “Nəsirəddin Tusinin əxlaq fəlsəfəsi” mövzusunda mühazirəsi dinlənilib.

Anar Qafarov məruzəsində Nəsirəddin Tusinin müsəlman dünyasında fəlsəfi düşüncəni inkişaf etdirən alimlərdən biri olduğunu vurğulayıb. Həmçinin dahi alimin özünəqədərki hikmət xəzinəsini mükəmməl surətdə mənimsəyərək, onun Osmanlı əxlaq fəlsəfi düşüncəsində xüsusi çəkisi olan filosof olduğunu vurğulayıb. Tusinin araşdırmalarının əsas istiqamətlərindən birini təşkil edən əxlaq fəlsəfəsinin mükəmməl öyrənilməsini irəli sürən məruzəçi A.Qafarov alimin fəaliyyətini yüksək qiymətləndirib.

Məlumat üçün bildirək ki, sözügedən vebinar Qazi Universitetinin “Türk dünyasının qabaqcıl elm adamları konfranslar silsiləsi” (“Türk dünyasının öncü bilim insanları konferanslar dizisi”) mövzusunda təşkil etdiyi sayca doqquzuncu tədbirdir.

Vebinar qarşılıqlı müzakirə və sual-cavabla davam edib.

sub menu