Aİİ-də imtahan sessiyasının gedişatını müşahidə etmək məqsədilə mediatur təşkil olunub

21 January, 2019

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının gedişatını müşahidə etmək məqsədi ilə KİV nümayəndələrinin, təhsil ekspertlərinin iştirakı ilə mediatur təşkil olunub.

Media nümayəndələri imtahan keçirilən otaqlarda olub, prosesi izləyiblər. KİV təmsilçiləri və təhsil ekspertlərinə imtahan prosesi barədə məlumat verilib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Aİİ rektoru Ceyhun Məmmədov qonaqlara mediaturda iştirak etdikləri üçün səmimi təşəkkürünü bildirib. İnstitut rəhbəri tədris prosesi və beynəlxalq əlaqələr, tədris olunan dillər, həyata keçirilən layihələr barədə qonaqlara ətraflı məlumat verib. O, media mənsubları ilə İnstitut arasında əməkdaşlığın əhəmiyyətindən söz açaraq, bu əlaqələrin davamlı olmasının xüsusi rol oynadığını vurğulayıb.

Diqqətə çatdırılıb ki, İnstitutda imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, şikayətlərin qısa müddətdə araşdırılıb, müvafiq qərarların qəbul edilməsi üçün operativ qərargah və apelyasiya komissiyası yaradılıb. İmtahanlar arasında 2 gündən az olmayan müddətin təyin edildiyi, imtahana ayrılan zamanın 2 saat müəyyənləşdirildiyi barədə məlumat verilib.
KİV təmsilçiləri prosesin təşkili və gedişatından razılıqlarını ifadə ediblər. Bildirilib ki, imtahan prosesində obyektivlik və şəffaflıq təmin olunub, sessiya normativ sənədlərə uyğun və qərəzsiz keçirilir.

Daha sonra qonaqlar İnstitutun kitabxanası ilə tanış olublar. Kitabxanada tələbələr komyuterlərdən istifadə edərək kurs işlərini, diplom işlərini yaza və ya internetdə araşdırma apara bilərlər. Burada oxucular üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, Aİİ rektoru Ceyhun Məmmədov istər tədris, istərsə də imtahan prosesində tələbələrin problemlərini birbaşa dinləyir, təklif və şikayətlərini yerində araşdırır. Qərarlar dərhal qəbul edilir, tələbələrin haqlı mövqeləri müdafiə olunur.

Məlumat üçün bildiririk ki, imtahan prosesi 30 yanvar 2019-cu ilədək davam edəcək.

sub menu