Ərəb Dili Gününə həsr olunan tədbir

22 December, 2021

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 18 dekabr – Ərəb Dili Gününə həsr olunan tədbir keçirilib.

Aİİ Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradovun moderatorluğu ilə baş tutan tədbirdə qonaq qismində iştirak edən Ayn Şəms Universitetinin dosenti Əhməd Sami Elaydi çıxış edərək bildirib ki, dillərin öyrənilməsində vacib məsələlərdən biri dinləməkdir. Mütəxəssis dil biliklərinin təkmilləşdirilməsində təcrübələrini tələbələrlə bölüşüb. Aİİ-də yaradılan şəraitdən maksimum istifadə edərək mütəxəssis kimi yetişmələrinin vacib olduğunu bildirib.

Daha sonra ərəb dilinə aid müxtəlif məruzələr təqdim olunub.

Aİİ Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov “Ali təhsil müəssisələrində ərəb dilinin tədrisi: təcrübə və problemlər” mövzusunda çıxış edib. İ.Əlimuradov çıxışında ərəb dilinin milli irsimizin, xüsusilə Orta əsrlərdən başlayan tariximizin araşdırılmasında mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Ölkəmizdə istər ərəbdilli, istərsə də ərəb hərfləri ilə yazılmış xeyli sayda əlyazmanın, dini-mədəni abidələrin olduğunu seminar iştirakçılarının diqqətinə çatdıran İ.Əlimuradov daha sonra bildirib ki, milli irsin öyrənilməsində ərəb dilinin rolu müstəsnadır.

İ.Əlimuradov ərəb dilinin dini elmlərin, xüsusilə də İslam ilahiyyatının öyrənilməsindəki müstəsna rolundan bəhs edərək, Azərbaycan İlahiyyat İnstitutunda bu dilin tədrisinə xüsusi diqqət yetirildiyini nəzərə çatdırıb.

Aİİ Dillər və ictimai fənlər kafedrasının müəllimi, dos. Məmmədəli Babaşlı “Ərəb dilində danışıq etikası və mədəni nitq etiketləri” mövzusundakı məruzəsində bildirib ki, etika insanların bir-birinə, cəmiyyətin insanlara münasibətini tənzimləyən mədəni, nəzakətli danışığı və əxlaq normalarını ehtiva edir. Məruzəçi ərəb dilində danışıq etikası və mədəni nitq etiketlərinin işlənmə məqamlarını sadalayaraq, fikrinə misallarla aydınlıq gətirib.

Aİİ Dillər və ictimai fənlər kafedrasının müəllimi, dos. Lalə Əliquliyeva “Ərəb dili - Quran dili” mövzusunda çıxış edib. Ərəb dilində nazil olan Qurani-Kərimdə dilin bütün normalarının mükəmməl formada ehtiva olunduğunu diqqətə çatdırıb.

Aİİ Dillər və ictimai fənlər kafedrasının müəllimi, dos. Elvüsal Məmmədov “Qurani-Kərimdə ecazkarlıq məsələsinə fərqli baxışlar” mövzusundakı çıxışında bu istiqamətdə alimlərin tədqiqatları haqqında geniş məlumat verib. E.Məmmədov bildirib ki, Qurani-Kərimin ecazkarlığının Onun estetikasında olduğunu düşünənlər bildirir ki, kitab fikrin izahı baxımından möcüzədir. İkincilər bildirir ki, ecazkarlıq fikrin ifadəsi baxımından möcüzədir. Qurani-Kərimi, sonradan kəşf edilən təbiət həqiqətlərini özündə ehtiva etdiyi üçün, elmi möcüzə adlandıranlar da vardır.

Aİİ Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsfə doktoru Əmir Kahayev “İlkin İslam dövründə ünsiyyət dilindən ilahi dilə keçən kəlmələr” mövzusundakı məruzəsində İslamın meydana gəlişindən sonra Cahiliyyə dönəmində istifadə olunan kəlmələrdən bəzilərinin Qurani-Kərimdə istifadə olunduğu zaman məna dəyişikliyi baş verdiyini vurğulayıb. Məruzəçi fikirinə nümunələr göstərərək aydınlıq gətirib.

sub menu