İlahiyyat İnstitutunda Bilik Günü münasibətilə tədbir keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Bilik Günü münasibətilə tədbir keçirilib.
Aİİ rektoru, dosent Aqil Şirinov tələbələrlə görüşüb, onlara yeni tədris ilində uğurlar və müvəffəqiyyətlər arzulayıb.
Rektor qeyd edib ki, tələbələr ali təhsil müəssisəsində təhsil aldıqları müddəti yaxşı dəyərləndirməli, vaxtdan səmərəli istifadə etməli, yüksəkixtisaslı kadr kimi yetişmək üçün təkcə dərslərlə kifayətlənməməli, əlavə ədəbiyyatlar oxuyub araşdırmalıdır. A.Şirinov dini elmlərlə yanaşı, İslam dininə aid mənbələri dərindən öyrənmək üçün xarici dilləri, xüsusilə ərəb dilini dərindən öyrənməyin vacibliyinə toxunub.
Aqil Şirinov daha sonra Aİİ-də tələbələr üçün yaradılmış şəraitdən, ixtisasların önəmindən, tələbə–müəllim münasibətlərindən söhbət açıb. Bildirib ki, yeni tədris ilində tələbələr dərslərindən əlavə, müxtəlif əlavə pulsuz kurslarda da iştirak edə biləcəklər.
Aİİ rəhbəri, həmçinin semestr ərzində ən yüksək göstəricilərə malik tələbələrə veriləcək təqaüdlər barədə də danışıb. Bildirib ki, tələbələr təhsil aldıqları müddətdə təqaüdlə təmin olunurlar. “Dinşünaslıq” ixtisası üzrə təhsil alan, semestr ərzində yüksək göstəricilərə malik olan 1 (bir) tələbə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təsis etdiyi, Mənəvi Dəyərlərin Təbliği Fondu (MDTF) tərəfindən ödənilən – ümummilli lider Heydər Əliyev adına təqaüddən, “İslamşünaslıq” ixtisası üzrə təhsil alan, yüksək göstəricilərə malik olan 1 (bir) tələbə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təsis etdiyi Şeyxülislam təqaüdündən, bundan başqa yüksək göstəricilərə malik olan daha 3 (üç) tələbə isə akademik Vasim Məmmədəliyev adına təqaüddən istifadə edəcək. Həmçinin MDTF-nin tələbələrin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə ayırdığı maddi yardımdan da bəzi tələbələr yararlana biləcəklər.
Rektor, həmçinin vurğulayıb ki, tələbələr tədris ili ərzində pulsuz kitab, ödənişsiz yemək və digər xərclərlə də təmin olunurlar.
Aqil Şirinov sonda tələbələrə tövsiyyələrini bildirib. Məzhəblərarası, dinlərarası münasibətlərdə nümunə olmağın, dövlətçiliyə sadiq vətəndaş kimi yetişməyin vacibliyinə toxunub.