İlahiyyat İnstitutu növbəti Anlaşma Memorandumunu imzalayıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Eylül Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumunda balanslaşdırılmış iştiraka yönəlmiş tələbə mübadiləsi proqramları, təhsil və tədqiqat əməkdaşlığını inkişaf etdirmək üçün akademik heyət mübadiləsi, dərs materialları, elmi nəşrlər və digər tədris resurslarının paylaşılması, birgə tədqiqat layihələrinin araşdırılması, tədris və tədqiqat metodologiyalarının inkişafı, bilik və təcrübə mübadiləsi üçün akademik tədbirlərin təşkili nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunun qarşısına qoyduğu məqsədlərdən biri də ali təhsil müəssisəsinin beynəlxalq miqyasında tanınmasına, eyni zamanda, dünya təcrübəsindən istifadə edərək yüksəkixtisaslı kadrlar hazırlanmasına nail olmaqdır. Bu istiqamətdə İnstitut ilahiyyat sahəsində tanınmış dünya universitetləri ilə əlaqələr yaradır, ikitərəfli əməkdaşlığa dair memorandumlar və müqavilələr imzalayır. Hazırda əməkdaşlıq müqavilələri çərçivəsində Aİİ-nin tələbələri xarici ölkə universitetlərində ilahiyyat sahəsi üzrə təhsillərini davam etdirirlər.