“Hədis” dərsliyi nəşr olunub
Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müəllimi, f.f.d. İbrahim Quliyevin “Hədis” adlı dərsliyi nəşr olunub.
Kitabda hədis tarixinin çoxəsrlik inkişaf yolu, etibarlı və uydurma hədislərin fərqləndirilməsi üçün tətbiq olunan əsas qaydalar, eləcə də hədisşünaslığın mühüm metodoloji məsələləri araşdırılıb.
Dərslikdə hədisşünaslığın praktiki məsələlərinə dair əsas mövzular yığcam şəkildə təqdim olunub. Tədqiqat zamanı müsəlman dünyasında tanınan fundamental mənbələrə istinad edilib, müxtəlif məktəblərin ortaq yanaşmaları diqqət mərkəzində saxlanılıb.
Nəşr hədis elminin əsas prinsipləri, metodoloji xüsusiyyətləri və dini biliklərin qorunmasındakı rolunun öyrənilməsi baxımından əhəmiyyətlidir.
Dərslik ali məktəb tələbələri və doktorantlar üçün nəzərdə tutulub. Kitabdan müəllimlər, elmi işçilər və hədisşünaslığı müstəqil öyrənənlər də istifadə edə bilərlər.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu elmi-pedaqoji fəaliyyətin inkişafı məqsədilə ilahiyyat sahəsi üzrə müxtəlif istiqamətlərdə dərslik, dərs vəsaiti və elmi nəşrlərin hazırlanaraq çap olunmasına önəm verir.