Aİİ-nin müəllimi beynəlxalq simpoziumda iştirak edib

24 July, 2020

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimi, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov Ankara Yıldırım Beyazıt Universitetinin təşkilatçılığı ilə keçirilən “XIV-XV əsrlər İslam düşüncəsində fəlsəfə, kəlam və təsəvvüf” adlı beynəlxalq simpoziumda iştirak edib.
Simpozium “ZOOM” proqramı üzərindən onlayn formada təşkil olunub.
Aİİ-nin dosenti Anar Qafarov simpoziumda “Ahlakın kaynağı problemi: Celaleddin Devvani merkezli bir analiz” (“Əxlaqın mənbəyi problemi: Cəlaləddin Dəvvani aspektindən təhlil”) mövzusunda elmi-fəlsəfi məruzə ilə çıxış edib.
A.Qafarov əxlaqın mənbəyi probleminin fəlsəfi və teoloji müstəvidə müzakirə obyektinə çevrilməsinin günümüzün etik problemləri müstəvisində əhəmiyyətini əsaslandırmağa çalışıb. Həmçinin dahi İslam alimi, filosof Cəlaləddin Dəvvaninin kosmoloji anlayışına əsaslanaraq Tanrı, insan, nəfs, ruh və ağıl konsepsiyaları müstəvisində əxlaqın metafizik, psixoloji və epistemoloji mənbəyini müzakirə obyektinə çevirib. A.Qafarov məruzəsində Dəvvaniyə görə əxlaqi müddəaların psixoloji və epistemoloji mənbəyinin insan, metafizik mənbəyinin isə Tanrı olduğu tezisini irəli sürüb. A.Qafarovun simpozium iştirakçıları tərəfindən maraqla qarşılanan məruzəsi müzakirələrlə başa çatıb.
Daha sonra simpozium müxtəlif ölkələrin universitetlərini təmsil edən alimlərin fəlsəfə, teologiya və təsəvvüf müstəvisində müzakirə obyektinə çevirdikləri metafizik, epistemoloji, etik və sosial-fəlsəfi məsələlərin məruzəsi ilə öz işini davam etdirib.

sub menu