Lerikdə din xadimləri ilə görüş keçirilib

23 May, 2024

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə abituriyentlərin maarifləndirmə tədbirləri çərçivəsində din xadimləri ilə görüş keçirilib.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Lənkəran bölgəsinin şöbə müdiri Qağayı Məmmədov və din xadimləri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran bölgəsinin şöbə müdiri Qağayı Məmmədov Azərbaycan müstəqillik qazandıqdan sonra, dövlət–din münasibətlərində baş verən əsaslı dönüşdən, ölkə rəhbərliyi tərəfindən din xadimlərinə, ibadət ocaqlarına göstərilən xüsusi qayğıdan bəhs edib.

Daha sonra Aİİ rektoru, dosent Aqil Şirinov ölkəmizdə dövlət–din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük əhəmiyyət verildiyini diqqətə çatdırıb. Aİİ-də yaradılmış tələbəyönümlü təhsil mühiti haqqında ətraflı məlumat verən rektor A.Şirinov müəssisədə təhsilin tamamilə ödənişsiz olduğunu vurğulayıb. “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə tələbə qəbulu həyata keçirən ali təhsil müəssisəsində tələbələrə bütün dərsliklərin pulsuz paylandığını, eyni zamanda, onlara yeməkpulu və yüksək göstəricilərə nail olan təhsilalanlara adlı təqaüdlərin verildiyini diqqətə çatdırıb. Rektor bildirib ki, ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin artırılması, təhsilalanların fənlər üzrə bilik və bacarıqlarının inkişafı istiqamətində səylə fəaliyyət göstərilir.

İnstitut rəhbəri qeyd edib ki, hər bir ölkənin özünəməxsus dini mühiti mövcuddur və bu xüsusiyyətlər mütləq nəzərə alınmalıdır. O vurğulayıb ki, Azərbaycanda yüksəksəviyyəli ali dini təhsil ocağının mövcud olması xaricə gedib dini təhsil almaq ehtiyacını aradan qaldırır. A.Şirinov bildirib ki, İlahiyyat İnstitutunda Azərbaycan reallığı, ölkəmizin tarixi-dini ənənəsi əsas götürülür. Dini insanlara doğru-düzgün, radikallıqdan, xurafatdan uzaq, elmi şəkildə çatdıra biləcək kadrlar hazırlamaq üçün səylə çalışırıq. Tələbələrə də bu yöndə lazımi biliklərin verilməsi üçün müəllimlərimiz xüsusi əmək, bacarıq, peşəkarlıq nümayiş etdirirlər.

Sonda din xadimlərinin sualları cavablandırılıb.

sub menu