İndoneziyadan olan nümayəndə heyəti İlahiyyat İnstitutunda olub
İndoneziyanın Syarif Hidayatullah Dövlət İslam Universitetinin nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.
Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalov qonaqları İnstitutda görməkdən məmnun olduğunu ifadə edib. Ali təhsil müəssisəsi haqqında ətraflı bəhs edən M.Camalov ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına dair məsələlərə toxunub.
Aİİ Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov Aİİ-də mövcud ixtisaslar və təhsil pillələri haqqında söhbət açıb. Qeyd edib ki, İnstitutda bakalavirat, magistratura və doktorantura pillələri üzrə tədris aparılır. Tədris zamanı bütün dinlər haqqında tələbələrə geniş məlumatlar verildiyini diqqətə çatdıran prorektor İnstitut müəllimlərinin öz sahələrinin peşəkar mütəxəssisləri olduqlarını bildirib.
Aİİ-nin İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova bildirib ki, İnstitut xarici ölkələrin müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsində, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsində, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsində, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılmasında maraqlıdır.
Syarif Hidayatullah Dövlət İslam Universitetinin Elmi işlər üzrə prorektoru, professor Ahmad Tholabi xoş qarşılanmaya görə təşəkkürünü bildirib, təmsil etdiyi qurum haqqında məlumat verib. O, İlahiyyat İnstitutu ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı və maraqlı olacağını diqqətə çatdırıb.
Daha sonra iki ali təhsil müəssisəsi arasında elmi-pedaqoji və tədqiqat işlərinin aparılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Memorandumda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; professor-müəllim heyəti və təhsilalanlar üçün qarşılıqlı akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sənəddə təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.
Daha sonra qonaqlar Aİİ-nin tələbələri ilə görüşüblər. Syarif Hidayatullah Dövlət İslam Universitetinin Elmi işlər üzrə prorektoru professor Ahmad Tholabi ali təhsil müəssisəsi rektoru, professor Asep Saepudin Jaharın Aİİ kollektivinə ünvanladığı məktubu səsləndirib.
Syarif Hidayatullah Dövlət İslam Universitetinin Beynəlxalq Əməkdaşlıq Mərkəzinin direktoru Maila Dinia Husni Rahiem təmsil etdiyi qurum haqqında tələbələrə geniş məlumat verib.