İlahiyyat İnstitutunun tələbələri ölkəmizin multikultural mühiti ilə əyani tanış olublar

12 November, 2022


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllim-tələbə kollektivi Beynəlxalq Tolerantlıq Günü münasibətilə ənənəvi təşkil olunan Qəbələ rayonunun Nic qəsəbəsinə səfər edib.

İnstitut kollektivi Qəbələ Rayon İcra Hakimiyyətinin məsul işçisi ilə birlikdə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gələrək, Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad edib.

Heyət daha sonra Qəbələ Rayon Şəhidlər Xiyabanını ziyarət edərək, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini ehtiramla anıb, ruhlarına dualar oxuyub, məzarları üzərinə gül dəstələri düzüb.

Səfər zamanı Qəbələ şəhər yeni məscidi də ziyarət olunub. Məscidin inşasına 2010-cu ilin may ayından başlanıldığı və 2013-cü ilin əvvəlində tikintinin başa çatdırıldığı bildirilib. Məlumat verilib ki, dini ibadət abidəsi Heydər Əliyev Fondunun sifarişi ilə tikilib. Yeni binanın açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib.

Aİİ kollektivi Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən “Cotari” Alban-Udi Kilsəsində, Müqəddəs Məryəm Ana Kilsəsində və Yalaşlı məhəllə Cümə Məscidində də olub. İnstitut heyətinə dünyada yaşayan udilər haqqında geniş məlumat verilib. Bildirilib ki, altı mindən çox əhalisi olan Nic qəsəbəsində hazırda dörd mindən artıq udi yaşayır. Qəsəbədə udilər öz dillərini, dinlərini, adət-ənənələrini minillərdir qoruyub saxlayırlar. Qəsəbədə, həmçinin ibtidai sinif şagirdləri üçün Udi dili tədris olunur.

Ali təhsil müəssisəsinin kollektivinə hər iki kilsə haqqında geniş məlumat verilib. Nəzərə çatdırılıb ki, Müqəddəs Məryəm Ana Kilsəsi Azərbaycanda ən böyük kafedral məbəddir. Alban kilsələrinin tərtibatı çox zaman geniş olmayıb. Müqəddəs Məryəm Ana Kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanmış və 2020-ci ilin noyabr ayında – 44 günlük müharibə zamanı məbəddə yenidənqurma işləri başa çatdırılmışdır.

sub menu