İlahiyyat İnstitutunun şöbə müdiri konfransda məruzə ilə çıxış edib

28 April, 2022

Özbəkistan Beynəlxalq İslam Akademiyasının (ÖBİA) təşkilatçılığı ilə “Dinşünaslığın aktual problemləri” adlı Respublika elmi-praktik konfransı keçirilib. Konfransda Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Tədris şöbəsinin müdiri Zərifə Əliyeva “Azərbaycanda dini ali təhsil müəssisələri: Azərbaycan İlahiyyat İnstitutu” mövzusunda çıxış edib.

Tədbir “ZOOM” platforması üzərindən onlayn formatda keçirilib.

Konfransda Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru Muzaffar Kamilov, Özbəkistan Müsəlmanları İdarəsi sədrinin müavini Utkirbek Xasanboyev, YUNESKO üzrə Özbəkistan Milli Komissiyasının baş katibinin müavini Sayıdafzal Mallaxonov, İmam Buxari Beynəlxalq Araşdırma Mərkəzinin direktoru Şovosil Ziyodov, Daşkənd İslam İnstitutunun rektoru Uyqun Qafurov, Nur Mübarək Misir İslam Mədəniyyəti Universitetinin və digər ali təhsil müəssisələrinin və təşkilatlarının mütəxəssisləri, professor və müəllim heyəti, doktorantları və magistrləri iştirak ediblər.

Zərifə Əliyeva məruzəsində Azərbaycan İlahiyyat İnsitututun yaranması, missiyası, fəaliyyəti, tədris prosesinin təşkili, təhsil proqramları, xarici əlaqələri, eləcə də İnstitutun əldə etdiyi nailiyyətləri və gələcək perspektivləri haqqında danışıb.

Qeyd edək ki, Aİİ haqqında hazırlanan təqdimat konfrans iştirakçılarının böyük marağına səbəb olub.

Məlumat üçün bildirək ki, sözügedən konfrans Beynəlxalq İslam Akademiyası YUNESKO-nun “Dinşünaslıq və dünya dinlərinin müqayisəli tədqiqi” departamentinin təşkil etdiyi sayca 14-cü tədbirdir.

Vebinar qarşılıqlı müzakirə və sual-cavabla davam edib.

sub menu