İlahiyyat İnstitutunda anım günü keçirilib

10 December, 2021

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Aİİ kollektivi öncə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüb.

Aİİ rektoru, dosent Aqil Şirinov iştirakçıları salamladıqdan sonra, Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz rolundan bəhs edib. A.Şirinov Ümummilli Liderin ölkəmizin iqtisadi-siyasi həyatındakı, milli kimliyimizin qorunmasındakı xüsusi xidmətlərindən danışıb. Vurğulayıb ki, bu gün müstəqil Azərbaycan məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi olaraq davamlı inkişaf edir.

Din sahəsində Ulu Öndərin xüsusi xidmətlərini diqqətə çatdıran rektor dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının məhz Ümummilli Liderin xidmətləri sayəsində baş verdiyini vurğulayıb.

A.Şirinov müstəqilliyimizin bərpasından sonra dini abidələrimizin bərpasından bəhs edərkən, dövlətimizin ibadət ocaqlarına xüsusi diqqət ayırdığını, onların təmir və ya bərpa olunduğunu diqqətə çatdırıb. Aİİ rektoru bildirib ki, milli-mənəvi dəyərlərimizə olan xüsusi diqqətin bariz nümunələrindən biri də Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır.

Aİİ rəhbəri daha sonra 44 günlük Vətən müharibəsinə diqqət çəkib. Müasir ordu quruculuğunun ulu öndər Heydər Əliyevin zamanında başladığını, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və qətiyyətli, qüdrətli ordumuzun bizə qələbə hissi yaşatdığını bildirib.

Daha sonra professor Nuru Məmmədov ümummilli lider Heydər Əliyevin həyat yolundan geniş bəhs edib. Dahi rəhbər Heydər Əliyevin ölkəmizdə iqtisadiyyatın, elmin, təhsilin, mədəniyyətin inkişafına göstərdiyi xüsusi qayğıdan danışıb. Qeyd edib ki, Azərbaycan xalqının bütün arzu və istəkləri Heydər Əliyevin zəngin dövlətçilik siyasətində birləşmişdir. Professor bildirib ki, ulu öndər Heydər Əliyevin iqtisadi siyasətinin ana xəttini qeyri-neft sektorunun çoxşaxəli, sürətli və səmərəli inkişafını təşkil edib.

N.Məmmədov daha sonra dahi rəhbərin dövlət-din siyasətindən də danışıb. Bu istiqamətin hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

sub menu