Aİİ tələbələri Üzeyir Hacıbəylinin ev-muzeyini ziyarət ediblər

03 November, 2026

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) həyata keçirilən “Tarixə açılan qapılar” muzey-maarifləndirmə layihəsi çərçivəsində I kurs tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyini ziyarət ediblər.

Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova tələbələrə layihənin məqsədi və əhəmiyyəti haqqında məlumat verib. Bildirib ki, layihə tələbələrin Azərbaycanın tarixi-mədəni irsini yaxından tanımalarına, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənmələrinə xidmət edir.

İnstitutun İslamşünaslıq kafedrasının dosenti Rəşad Mustafa Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı, Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri haqqında məlumat verib, bəstəkarın “Leyli və Məcnun”, “Koroğlu”, “Arşın mal alan” və “O olmasın, bu olsun” əsərlərinin milli mədəniyyətimizdəki əhəmiyyətindən bəhs edib.

Muzeyin ekspozisiyası ilə tanışlıq zamanı tələbələr bəstəkarın şəxsi əşyaları, sənədləri, fotoşəkilləri və əlyazmalarını nəzərdən keçiriblər.

Tələbələr daha sonra İnstitutda Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası əsasında çəkilmiş eyniadlı filmi izləyiblər.

sub menu