Cenevrə Universiteti İdarəetmə, Din və Dəyərlər Mərkəzinin vitse-prezidenti Ventzeslav Sabev Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib

15 Сентябрь, 2021

Cenevrə Universiteti İdarəetmə, Din və Dəyərlər Mərkəzinin vitse-prezidenti Ventzeslav Sabev Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib.

Aİİ rektoru, dosent Aqil Şirinov qonağı salamlayaraq, onu növbəti dəfə ali təhsil müəssisəsində görməkdən məmnunluğunu ifadə edib.

A.Şirinov Aİİ-nin fəaliyyəti, məqsəd və vəzifələri, hədəfləri haqqında məlumat verib. Rektor müəssisədə təhsilin ödənişsiz əsaslarla aparıldığını, tələbələrin bütün ehtiyaclarının dövlət tərəfindən qarşılandığını bildirib. O, ali məktəbdə mövcud ixtisaslar barədə bəhs edib, tədrisdə İslamla yanaşı Xristianlıq və Yəhudiliklə bağlı dərslərin aparıldığını diqqətə çatdırıb.

A.Şirinov daha sonra Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına böyük önəm verdiyini, dünyanın bir çox ölkəsinin bu sahə üzrə ixtisaslaşmış təhsil və tədqiqat müəssisələri ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğulayıb. Ali təhsil müəssisəsində tədrisin müasir tələblər səviyyəsində qurulması ilə yanaşı, Avropada mövcud olan qabaqcıl ali təhsil müəssisələrinin təcrübəsindən yararlanmağın da əhəmiyyətinə diqqət çəkib.

Rektor ölkəmizdə mövcud tolerant və multikultural mühit barədə qonağa məlumat verib. O qeyd edib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri birlikdə yaşayır və fəaliyyət göstərir. Dünyanın terrordan, radikalizmdən və ekstremizmdən əziyyət çəkdiyini qeyd edən Aİİ rəhbəri ölkəmizin də bu bəlaya məruz qaldığını bildirib. Vurğulayıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Şanlı Ordumuzun düşməndən azad etdiyi torpaqlarımızda ermənilər onillər boyu maddi-mədəni irsimizə qarşı vəhşiliklər törədiblər.

Ventzeslav Sabev Aqil Şirinovu Aİİ-nin rektoru vəzifəsinə təyin olunması və torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edib. Mərkəzin vitse-prezidenti, həmçinin özünün “Sülh mədəniyyəti” pavilyonu layihəsi haqqında məlumat verib. O, layihənin əhəmiyyətindən bəhs edib. Qonaq eyni zamanda, yaşadığı şəhər, fəaliyyət göstərdiyi ali təhsil müəssisəsi və mərkəz haqqında məlumat verib. O bildirib ki, neytrallıq, dini plüralizm ənənəsinə sadiq qalan Cenevrə əsrlərboyu sülh tərəfdarı kimi nümunəvi şəhər olub. Qeyd edib ki, ali təhsil müəssisəsi istər milli, istərsə də regional olaraq dinlərin öyrənilməsi, siyasət, hüquq, ilahiyyat, dilçilik, habelə biznes və maliyyə sahələrində də əlaqələndirici mərkəz kimi əhəmiyyətli rol oynayır.

Görüşdə hər iki ali təhsil müəssisəsinin faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfransların, “dəyirmi masa”ların keçirilməsi, professor-müəllim heyəti və doktorantlar üçün qarşılıqlı akademik səfərlərin, həmçinin tələbə mübadiləsi və digər məsələlərin həyata keçirilməsi qərara alınıb.

Вверх

Новости

Архив
alt menü