“Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

16 Сентябрь, 2026

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələri ilə görüşlərini davam etdirirlər.

Layihə çərçivəsində Aİİ İlahiyyat fakültəsinin dekanı, i.f.d., dos. Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimləri - f.f.d. Faiq Əhmədzadə və f.f.d. İbrahim Quliyev Masallı, Cəlilabad və Salyan rayonlarında yaşayan ikinci və üçüncü kurs tələbələrindən bir neçəsinin ailəsini ziyarət ediblər.

Görüşdə tələbələrin təhsil müddətindəki akademik göstəriciləri, əldə etdikləri nailiyyətlər, elmi və yaradıcılıq istiqamətində fəaliyyətləri barədə valideynlərə məlumat verilib. Daha sonra tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə İnstitutda həyata keçirilən layihələr, təşkil olunan kurslar və digər imkanlar haqqında danışılıb.

Tələbələrin gələcək təhsil və inkişaf perspektivləri, əldə etdikləri nəticələrin daha da təkmilləşdirilməsi istiqamətində görülə biləcək işlər barədə valideynlərlə fikir mübadiləsi aparılıb. Ailə və təhsil müəssisəsi arasında qarşılıqlı əməkdaşlığın tələbələrin inkişafında rolu diqqətə çatdırılıb.

Valideynlər tələbələrin ailələri ilə görüşlərin təşkilinə, eləcə də övladlarının təhsilinə göstərilən diqqət və qayğıya görə məmnunluqlarını bildiriblər. Onlar Aİİ ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını qeyd ediblər.

Qeyd edək ki, “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, müasir dövrün tələblərinə uyğun dinşünas və islamşünas mütəxəssislərin hazırlanması istiqamətində ailə və təhsil müəssisəsi arasında əməkdaşlığın daha da gücləndirilməsidir.

Вверх

Новости

Архив
alt menü