Azərbaycan İlahiyyat İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

05 Ноябрь, 2026

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Aİİ və Bakı İlahiyyat Kollecinin kollektivi iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildirlib, torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov Zəfər Gününün Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Birinci Qarabağ müharibəsində torpaqlarımızın işğalının xalqımız üçün ağır sınaq olduğunu, dövlətin və xalqın uzun illər ərzində Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığını diqqətə çatdırıb.

Prorektor M.Mürsəlov Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. Vətən müharibəsində zabitlərimizin və əsgərlərimizin göstərdiyi qəhrəmanlıq və şücaətin dünya hərb tarixində mühüm yer tutduğunu nəzərə çatdırıb. M.Mürsəlov əziz şəhidlərimizin xatirəsinin daim ehtiramla yad edilməsinin, qazilərə diqqət və qayğı göstərilməsinin hər bir vətəndaşın mənəvi borcu olduğunu söyləyib. O, gənclərin milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda yetişməsinin, ölkənin mənəvi təhlükəsizliyinin qorunmasında iştirakının əhəmiyyətini vurğulayıb.

Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov Zəfər Gününün tarixi əhəmiyyətinin gələcək nəsillər tərəfindən daha dərindən dərk ediləcəyini bildirib. O, şəhidlərin Vətənimizin və xalqımızın rifahı naminə ən qiymətli nemətləri olan canlarından keçmələrini böyük fədakarlıq nümunəsi kimi dəyərləndirib.

M.İsmayılov uzun illər Azərbaycan cəmiyyətinin Qarabağ münaqişəsi ilə bağlı yaşadığı ağrı və narahatlıqların qələbə qazanılması ilə yeni tarixi mərhələyə keçdiyini diqqətə çatdırıb. Qələbənin yalnız döyüş meydanında əldə edilən hərbi uğur olmadığını, ölkənin beynəlxalq mövqeyinə, siyasi həyatına və gələcək inkişafına da müsbət təsir göstərdiyini nəzərə çatdırıb. O, qazanılmış Zəfərin böyük nemət olduğunu və bu nemətə əməli fəaliyyətlə, hər kəsin öz peşə vəzifəsini layiqincə yerinə yetirməsi ilə dəyər verilməsinin vacibliyini vurğulayıb. Kollec direktoru şəhid ailələrinin və şəhidlərin həyat hekayələrinin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm əhəmiyyət daşıdığını da bildirib.

Tədbirdə çıxış edən şəhid kapitan Elvin Kazımovun anası Fədayə Kazımova Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş oğulları ilə fəxr etdiyini vurğulayıb. O, mayor rütbəli Elçin Kazımovun və kapitan Elvin Kazımovun hərbi xidmət yollarından, Vətənə sədaqətlərindən söz açıb. F.Kazımova Elvin Kazımovun Aprel döyüşlərində yaralanmasına baxmayaraq sağaldıqdan sonra yenə də hərbi xidmətini davam etdirdiyini və kəşfiyyatçı kimi fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Vətən Müharibəsi başlayan zaman oğlunun tərəddüd etmədən döyüşlərə qatıldığını, öz əsgərləri ilə birlikdə torpaqlarımızın müdafiəsinə qalxdığını qeyd edib.

Şəhid anası daha sonra Elvin Kazımovun döyüş yoldaşları ilə münasibətlərindən, onlara göstərdiyi qayğıdan və hərbi qulluqçuların vətənpərvərlik ruhunda yetişməsinə verdiyi önəmdən bəhs edib. F.Kazımova oğlunun və onun silahdaşlarının qəhrəmanlığının ailəsi üçün böyük qürur mənbəyi olduğunu bildirib.

Tədbirdə Vətən Müharibəsi iştirakçısı, şəhid kapitan Elvin Kazımovun əziz xatirəsinə həsr olunmuş film nümayiş etdirilib. Film Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi tərəfindən hazırlanıb.

Вверх

Новости

Архив
alt menü