Aqil Şirinov: Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi heç vaxt cəmiyyətə xurafat danışmaz və danışmamalıdır da, çünki aldığı təhsil buna imkan vermir

06 Июль, 2020

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun “Cəmiyyət və Din” qəzetinə müsahibəsi:

- Aqil müəllim, əvvəlcə sizi Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməyiniz münasibəti ilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayırıq. Adətən, vəzifəyə təyinatın 100-cü günündə olur bu cür görüşlər, biz isə sizinlə təyinatınızın 38-ci günündə görüşürük. Siz də hərflərin/rəqəmlərin mistikasına inanırsınız?

- Təbrikinizə görə təşəkkür edirəm. Çalışacağam ki, cənab Prezidentin göstərdiyi etimadı doğruldum və İlahiyyat İnstitutunu elmi-akademik tədqiqat, tədris baxımından daha da inkişaf etməsinə nail olaq. Rəqəmlərin mistikasına gəlincə, bu, çox uzun tarixi olan, hətta deyərdim ki, qədim yunan düşüncəsindən gələn məsələdir. Bilirsiniz ki, Pifaqor böyük filosof, alim idi. Onun ətrafına toplaşanları fəlsəfədə pifaqorçular adlandırırlar. Pifaqorçuluq həm fəlsəfi, həm də dini-mistik tərəfləri olan məktəb idi. Pifaqorçular rəqəmlərin, bir növ, mistik təbiətinin olduğunu, hətta varlığın, ümumiyyətlə, rəqəmlərdən ibarət olduğunu deyirdilər. Bu düşüncə orta əsrlərdə İslam aləmində yaranmış müəyyən məktəblərə də təsirini göstərdi. Bu məktəblərdən biri də hürufilikdir. Burda artıq rəqəmlərin yox, hərflərin müqəddəsliyinin önə çıxdığını görürük. Simvolik məna ifadə edir. Konkret din prizmasından yanaşsaq, hərflərin, rəqəmlərin müqəddəsliyindən söhbət gedə bilməz. Bir hərfin başqa hərfdən, bir rəqəmin başqa rəqəmdən üstünlüyü və ya rəqəmlərin hər hansı mistik mənası haqqında dini ədəbiyyatlarda hər hansı məlumata rast gəlinmir. Amma dediyim kimi, bəzi İslam məktəblərində hərflərin mistik gücünə inancı görürük. Mənim fikrimi bilmək istəyirsinizsə, rəqəmlərin, hərflərin müqəddəsliyinə, hər hansı mistik məna ifadə etdiyinə inanmıram.

- Madam ki, söhbətə fəlsəfədən başladıq, ikinci sualı bir qədər obrazlı, fəlsəfi çalarlı formada vermək istəyirəm. Müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə odlar ölkəsi Azərbaycanda, xüsusilə də, küləklər şəhəri Bakıda dörd yandan “yad küləklər” əsirdi dini müstəvidə. Bəs bu gün, necə, həmin “yad küləklər” yenə əsirmi? Əsirsə, sizcə, hansı istiqamətdən gələn “külək” daha təhlükəlidir?

- Tamamilə doğru vurğuladınız, müstəqilliyimizin bərpasının ilk illərində dini sahədə ciddi boşluqlar var idi. Təəssüf ki, ölkə daxilində bu boşluğu dolduracaq qüvvələr də kifayət qədər deyildi. Çünki məlum səbəblərdən sovet dövründə dini təhsil yox idi, daha doğrusu, çox məhdud səviyyədə idi. Dini təbliğat qadağan edilmişdi. Dini təhsil verən mədrəsələr bütövlükdə ittifaqın din adamı, din alimi tələbatını ödəmirdi. İnsan nəyəsə inanmağa meyilli, inanc ehtiyacı olan varlıqdır. Buna din psixologiyasında insanın məna axtarışı deyirik. Bu məna axtarışına ən yaxşı cavab verən sosial institut isə dindir. İnsan içindəki o boşluğu doldurmaq üçün kimlərinsə, nələrinsə ardınca gedir. Azərbaycanda həmin illərdə olan boşluqdan istifadə edən xarici ölkələrdəki dini qruplar ölkəmizə axışmağa başlamışdılar. Onların içərisində niyyətləri həqiqətən dini təbliğ etmək istəyənlərlə yanaşı, təəssüf ki, radikal, məzhəbçi, hətta dövlətimizin dünyəvi strukturu ilə barışmayan müəyyən qruplar da var idi. Həmin dövrdə bu məsələləri tənzimləyən qanunvericilik bazası qurulmamışdı. Sonrakı illərdə, xüsusilə, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu sahə ilə bağlı qanunvericilik sistemi formalaşdırıldı. “Dini etiqad azadlığı haqqında” Qanun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması bu mənada mühüm dəyişiklik idi. Zaman keçdikcə dini sahə ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi yönündə atılan addımlar, Dövlət Komitəsinin uğurlu fəaliyyətinin nəticəsidir ki, dediyiniz “küləklər” səngiməyə başladı. Hətta bu gün üçün o “küləkləri” ciddi təhlükə kimi görmürəm. Çünki ölkəmizdə bu sahədə kifayət qədər məlumatlı və peşəkar mütəxəssislər var. İlahiyyat İnstitutunun yaradılması da bu mütəxəssislərin sayını artırmağa xidmət edir. Ancaq bugünkü vəziyyət bizi qətiyyən arxayın etməməlidir. Çünki Azərbaycan özünü bütün ölkələrdən təcrid etmiş bir ada deyil. Şübhəsiz ki, dünyada baş verən qlobal hadisələr bizə də təsir edir. Üstəlik, sosial şəbəkələrin bu qədər inkişaf etdiyi, internetdən istifadə imkanlarının geniş vüsət aldığı müasir dövrdə bir nəfərin çıxışı bir dəqiqə içərisində bütün dünyada izlənilir. Təhlükə həmişə mövcuddur, amma dediyim kimi, bizim o cür təhlükəyə qarşı immunitetimiz var.

- Din sahəsində mütəxəssis seçimində İlahiyyat İnstitutunun üzərinə böyük məsuliyyət düşür. Necə seçirsiniz gələcək tələbələrinizi, “bu adam savadlı din xadimi olacaq” diaqnozunu necə qoyursunuz? Axı hər birinin, ən azı, ailədən gələn məzhəb seçimi olur, bu isə onun gələcəkdə məzhəbçi din xadimi olmasına gətirib çıxara bilər. Üstəlik, İnstitut yaradıldığı birinci il tələbə qəbulunda çox aşağı ballar götürülmüşdü. Həmişə deyirik ki, din xadimlərimiz savadlı olmalıdırlar, ancaq aşağı balla qəbul olunmuş tələbənin gələcəkdə savadlı kadr olacağı şübhəli deyilmi?
- Bilirsiniz ki, İlahiyyat İnstitutunda təhsil iki istiqamət üzrə verilir: dinşünaslıq və islamşünaslıq. Dinşünaslıq istiqamətində İslamla yanaşı, digər böyük dinlər haqqında deskriptiv bilgiləri ehtiva edən fənlər tədris olunur. İslamşünaslıq istiqamətində isə daha çox İslam dinini müxtəlif aspektlərdən öyrənən fənlər tədris olunur. Eyni zamanda, hər iki istiqamət üzrə kifayət qədər dünyəvi elmləri tədris edirik. Çalışırıq ki, tələbələrə dini teoloji aspektlə yanaşı, fəlsəfi, tarixi, sosioloji və psixoloji aspektlərdən də öyrədək. Məzhəblərlə bağlı qeyd etdiyiniz məsələ haqqında onu deyə bilərəm ki, dünyada dini təhsilin müxtəlif formaları var. Bunlardan biri konfessional tədrisdir, yəni tədrisdə bir din və ya məzhəb əsas götürülür, həmin dindən və ya məzhəbdən çıxış edərək dərs keçirilir. Digər təcrübələr isə “din haqqında” və “dindən öyrənmə”dir. Biz daha çox bu son iki təcrübə ilə getməyə çalışırıq. Müəyyən bir məzhəbi əsas götürmürük, bütün İslam məzhəblərinin görüşləri haqqında təsviri bilgilər veririk. Həmçinin böyük dünya dinləri haqqında da deskriptiv metodla məlumat veririk. Konkret İslamşünaslıq istiqamətinə gəlincə, bu istiqamətdə Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanından sonra namizədlər dini-psixoloji komissiyadan keçirlər. Dini-psixoloji komissiya namizədlərin savadı ilə yanaşı, onların gələcəkdə din xadimi olmaq istəyib-istəmədiyini, emosional vəziyyətlərinin buna imkan verib-vermədiyini, dövlətçilik ənənələrimizə bağlı olub-olmadıqlarını və s. bu kimi xüsusiyyətlərini müəyyənləşdirir. Sonda yekun qərarı DİM verir. Gələk ilk ildəki qəbul balına. Bəli, doğru qeyd etdiniz ki, İslamşünaslıq istiqaməti üzrə qəbul balı tədrisə başladığımız ilk ildə aşağı idi. Bu da İlahiyyat İnstitutunun hələ ictimaiyyət arasında yaxşı tanınmamasından irəli gəlirdi. Hətta xarici ölkələrdə institutlar yaradıldıqları il tələbə qəbul etmirlər. Amma bizim bazamız, yaxşı müəllim heyətimiz olduğuna görə - bilirsiniz ki, Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsi institutumuzun strukturuna daxil edildi - tələbə qəbulunu ilk ilimizdəcə həyata keçirdik. Ancaq ikinci il İslamşünaslıq istiqaməti üzrə də qəbul balı yüksəldi. Biz minimum 150 bal qoymuşduq qəbul üçün, ancaq ikinci il qəbul olanların topladıqları ən aşağı bal 200 idi. Bizim 500-dən yuxarı bal toplayan tələbələrimiz də var. Dinşünaslıq istiqaməti üzrə isə ən aşağı bal alan tələbəmiz 292 balla İnstituta qəbul olub. Həmçinin, dinşünaslıq üzrə orta bal 346, islamşünaslıq üzrə isə 262 olub. Kifayət qədər intellektli tələbələrimiz var. Digər tərəfdən, bəzən elə abituriyentlər olur ki, obyektiv səbəblərdən ali təhsil imtahanlarına yaxşı hazırlaşa bilmirlər, nəticədə qəbul imtahanında aşağı bal toplayırlar. Ancaq bu, heç də onların intellektual səviyyələrinin aşağı olduğunu göstərmir. Tədris prosesində onların intellektual səviyyələrini yüksəltmək mümkündür. Mən bunu müəllimlik təcrübəmdə çox görmüşəm. Elə tələbələrim olub ki, qəbul imtahanında 500-dən yuxarı bal toplayıb, ancaq ali təhsil almaqda çətinlik çəkib. Elə tələbəmiz də olub ki, 200-dən bir az yuxarı bal toplayıb, amma ali təhsilini yüksək səviyyədə tamamlayıb. Bəli, çalışırıq ki, qəbul balımız yüksək olsun, hər il bununla bağlı təbliğat kampaniyaları keçiririk. Ancaq dediyim kimi, yüksək bal heç də həmişə önəmli rol oynamır. Əsas olan tələbənin potensialını kəşf etmək, onu bu potensial uyğun olaraq doğru istiqamətə yönəldərək yaxşı kadr kimi yetişdirməkdir. Qeyd etdiyim kimi, biz tələbələrimizə bütün böyük dinlər və məzhəblər haqqında məlumatları tədris edirik. Ancaq İnstitutumuzdakı tədris proses hansısa məzhəbin doğru, hansınınsa yanlış olduğu üzərində qurulmur. Əksinə, çalışırıq ki, məzhəblərarası fərqliliyi insanları bir-birindən ayıracaq deyil, bir-biri ilə birləşdirəcək səviyyədə aşılayaq. Çünki məzhəblərin müxtəlifliyini İslamın zənginliyi kimi görürük. Məzhəblər – İslam məktəbləridir, eyni mərkəzə aparan yollardır. Mən eksklüzivist olmayan bütün qrupları İslamın zənginliyi hesab edirəm. Problem müxtəlif məzhəblərə, təriqətlərə mənsub olmaq deyil. Problem öz məzhəbini, təriqətini digərlərindən üstün tutmaq və onu insanlara din kimi təqdim etməkdir. Məzhəblərin hamısı insanlara dini doğru şəkildə çatdırmaq üçün meydana çıxıb. Biri bir şəkildə çatdırır, digəri başqa şəkildə. Ancaq ümumi götürsək, hamısı İslamın təməl əqidə prinsiplərində birləşirlər.

- Dolayısı ilə hamısı stəkanın dolu olduğunu deyir...
- Bəli. Sadəcə olaraq hərəsi o stəkana fərqli tərəflərdən, prizmalardan baxır. Ancaq o baxış bucaqlarını mütləqləşdirməməliyik. Mütləqləşdirəndə problemlər, məsələn, hansısa məzhəbin haqq, digərlərinin batil olması söhbətləri ortaya çıxır və bu da cəmiyyətdə parçalanma yaradır. İlahiyyat İnstitutunun məqsədi tələbələrə bütün məzhəblər haqqında məlumat vermək, onlara məzhəblərə ayırıcı deyil, birləşdirici prizmadan yanaşmaq düşüncəsini aşılamaqdır.

- Hazırda institutda hər istiqamət üzrə neçə tələbə təhsil alır?
- Keçənilki planımız hər iki istiqamət - həm dinşünaslıq, həm də islamşünaslıq üzrə 36, cəmi 72 nəfər olub. Bu il də bu sayda tələbə qəbul etməyi planlayırıq. Eyni zamanda, xarici tələbələri də təhsil ocağımıza cəlb etməyə çalışırıq. Xüsusilə xaricdə yaşayan soydaşlarımızın Azərbaycan İlahiyyat İnstitutunda dini təhsil almalarını istəyirik. Hazırda institutumuzda 5 əcnəbi tələbə təhsil alır və hər biri xüsusi təqaüdlə təmin olunub.

- İki-üç ildən sonra ilk məzunlarınızı verəcəksiniz, bir çoxu din xadimi olacaq. Hazırkı din xadimlərimizin əksəriyyəti orta və yaşlı nəslin nümayəndələridir. Sizin məzunlar isə gənclər olacaq. Nəsil dəyişikliyi labüddür və o anda “atalar və oğullar” problemini yaşayacağımızı düşünmürsünüz?
- Bu məsələ tarix boyu aktual olub. Tələbələrimizə hər zaman deyirik ki, gələcək fəaliyyətinizi keçmiş ənənələri inkar üzərində qurmayın. Bu günə qədər o ənənələr davam edir. Bəli, bu ənənənin müasir dövrlə ayaqlaşmayan tərəfləri ola bilər və bunlar düzəldilməlidir. Ancaq bu uyğunlaşdırma ənənənin tamamilə inkarına gətirib çıxarmamalıdır. Yəni oğullar öz atalarının yolunu tamamilə inkar etməməlidirlər, əks halda bu gün müşahidə etdiyimiz radikalların yolu ilə gedəcəklər. Bilirsiniz ki, İslam tarixində bütün radikal qrupların ortaya çıxması ənənədən uzaqlaşma ilə başlayıb. Azərbaycandakı dini ənənə həmişə birləşdirici olub. Çünki tarixin süzgəcindən keçib gəlib. Bu ənənədən imtina etsək, birgəyaşayış ənənəsindən də imtina etmiş olarıq. Hər bir dini təhsil alan tələbə dini doğru şəkildə təbliğ etməklə məsuldur. Eyni zamanda, dini müasir dövrün tələblərini və çağırışlarını nəzərə alaraq insanlara çatdırmalıdır. Bu o demək deyil ki, dini dəyişdirir. Xeyr. Dinin təməl prinsipləri dəyişməz qalır. Sadəcə, dini təbliğ edərkən müasir dövrün, cəmiyyətin reallıqlarını da nəzərə almaq lazımdır.

- Amma təəssüf doğuran bir fakt da var. Doğrudur, əvvəlki illərlə müqayisədə sayları azalıb, ancaq yas mərasimlərində, xüsusilə də, əyalətlərdə, kəndlərdə keçirilən yas mərasimlərində din adından təsəvvürə gəlməyən miflər, əfsanələr uyduran din adamları-mollalar var. Sizin tələbələriniz bir gün təyinat aldıqları yerlərdə onlarla üz-üzə gələcəklər. Tələbələrinizə o insanlarla “mübarizədə” necə davranmağı tövsiyə edirsiniz? İllərdir miflərlə, əsatirlərlə qulağı doldurulan yerli camaata həqiqi dindən danışmağa necə başlayacaqlar?

- Əvvəlcə, məsələyə empatiya quraraq cavab verməyə çalışacam. Söhbətimizin əvvəlində də dediyim kimi, sovet dönəmində dini təhsil çox məhdud səviyyədə idi. Buna görə də, obyektiv səbəblərdən yetərli dini savadı olmayan bəzi din xadimləri atadan, babadan eşitdiklərini, bəlkə, xurafatla, nağıllarla qarışdırılmış, şifahi ənənəyə əsaslanan din anlayışını insanlara çatdırıblar. Şifahi ənənədə isə təhriflər çox olur. Amma başqa prizmadan yanaşsaq, onlar dini ənənəni də qoruyublar, bu da onların müsbət xidmətləridir. Müasir dövrdə isə bunu davam etdirməyin yeri yoxdur. Çünki müasir insan miflərə, nağıllara inanmır. Xüsusilə, bu günün gəncləri oxuyan və mühakimə edən nəsildir. Oxuyan və mühakimə edən insana əfsanələri həqiqət kimi qəbul etdirə bilməzsiniz, o, belə şeyləri gülüb kənara atacaq. Bilikli dini kadrlar yetişdikcə cəmiyyət özü o xurafat danışanlardan getdikcə uzaqlaşır və bir gün tam uzaqlaşacaq. Beləliklə, onlara tələbat olmayacaq, çünki sizi dinləyən kütlə varsa, əhəmiyyətlisiniz. Sizi dinləyən kütlə yoxdursa, əhəmiyyətinizi itirirsiniz. Bu məqamları nəzərə alaraq İlahiyyat İnstitutunda təhsil sistemini müasir dövrün tələblərinə uyğun qururuq. Biz tələbələrə təkcə fiqh, kəlam, hədis, təfsir və s. kimi dini elmləri tədris etmirik. Biz onlara dini dünyəvi tərəfdən öyrədən elmləri də tədris edirik. Məsələn, “Din sosiologiyası” dünyəvi fəndir. Adındakı “din” sözü onu dini fənn etmir. Həmçinin “Din psixologiyası”, “Din fəlsəfəsi” və s. fənlər tələbəyə imkan yaradır ki, dinə bir prizmadan baxmasın. Çünki din təkcə teoloji bir institut deyil, eyni zamanda ictimai, psixoloji, tarixi və fəlsəfi yönləri olan bir fenomendir. Bu baxımdan dini müxtəlif aspektlərdən öyrənsəniz, həm dünyagörüşünüz geniş olar, həm də insanlara dini təbliğ edəndə cəmiyyətin, müasir dövrün reallıqlarını nəzərə alarsınız. Biz də tələbələrimizi bu yöndə yetişdirməyə çalışırıq. Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi heç vaxt cəmiyyətə xurafat danışmaz və danışmamalıdır da, çünki aldığı təhsil buna imkan vermir. Mən akademik səviyyəsi olan insanların din xadimi olmasını da həmişə təqdir etmişəm. Məsələn, Avropa ölkələrində rast gəlmişəm, universitetdə müəllim olan şəxs təqaüdə çıxdıqdan sonra kilsədə keşişlik etməyə başlayıb. Dinin cəmiyyətə yüksək səviyyədə çatdırılması üçün belə insanlar da olmalıdır. Müsəlman ölkələrində də var bu kimi faktlar.

- Aqil müəllim, hazırda gözümüzün önündə dünyanın mənzərəsi qəribə şəkil alıb: biz ölkə olaraq dəyərlərimizi təbliğ edirik, qoruyuruq. Dünyanın başqa bir hissəsində isə bütün dəyərlərdən imtina prosesi başlayıb…
- Dünya çox sürətlə dəyişir, qloballaşma elə prosesdir ki, müsbət və ya mənfi mənada demirəm, dünyanın mənzərəsini tamamilə dəyişdirir. Artıq dünyamız qlobal kəndə çevrilib. O qədər kiçilib ki, onun bir ucunda baş verən hadisələr bir gün sonra digər ucuna da təsir edə bilir.

- Və gün gələcək, bu qlobal kənddə “iki camaat” olacaq: biri öz dəyərlərinə sahib çıxan, digəri o dəyərləri qəbul etməyən. İndi bu “kənd camaatı” bir-biri ilə necə yola gedəcək?
- Problem budur ki, bu qlobal kənddə qlobal dəyərlər adı ilə insanlara müəyyən fikirlərin təbliğ edildiyini görürük. Bunların bir qismi, həqiqətən də, qlobal dəyərdir. Ancaq digər qismi qlobal dəyər deyil və insanların yerli mədəniyyətlərini sıradan çıxarmağa köklənib. Bəlkə də bunlar qəsdən edilmir, ancaq reallıqda belədir. Hər zaman hakim mədəniyyət hakim olmayan mədəniyyətlərə təsir edib və bəzən onun tarix səhnəsindən silinməsinə də yol açıb. Qloballaşma dövründə hansı ölkələr, hansı xalqlar ki öz dəyərlərinə sahib çıxırlar, onları dövrün tələbələrini də nəzərə alaraq təbliğ edirlər, bu assimilyasiyaya məruz qalmaqdan qurtulacaqlar. Belə bir söz var, dəyişən dünyada bizim qurtulmaq üçün tuta biləcəyimiz möhkəm budaqlar dəyişməyən dəyərlərdir. Qloballaşma bir seldir, bu selin qabağında heç kim dura bilməz və gördüyünüz kimi də, dura bilmir. Sadəcə sel gələndə hansı ağacın kökü möhkəmdir, ona bir şey edə bilmir. Əksinə, o ağac, bəlkə də, seldən müəyyən mənada qidalanır. Ancaq hansı ağacın kökü yoxdur, onu sel məhv edir. Dəyərlərimiz də bizim üçün o kökü möhkəm olan ağacdır və onu qorumalıyıq. Bəli, bu, çox çətindir. Hətta biz postmodernizm deyilən bir dövrdən danışırıq. Postmodernizmi bəzən dəyərlərin dəyərsizləşməsi kimi də təqdim edirlər. Yəni artıq dünyamız elə bir hala gəlib ki, dəyərlərin özü gülüş obyektinə çevrilir, təəssüf ki. Ancaq dəyərlərinə bağlı olan xalqlar bu prosesdən qalib çıxacaqlar. Bilirsiz ki, minlərlə xalq başqasının assimilyasiyasına məruz qalıb, tarix səhnəsindən silinib. Tarixdə elə xalqlar olub ki, hazırda o xalqın izi də yoxdur, çünki assimilyasiyaya məruz qalıb. Bu proses indi də davam edir. Bəzən görürük ki, kiçik xalqlardan hansınınsa dilində danışan bir neçə nəfərin qaldığını deyirlər. Onlar vəfat etdikdən sonra dilləri də qalmayacaq. Biz öz dəyərlərimizi övladlarımıza onların zəmanəsinə uyğun şəkildə çatdırmalıyıq. Əks halda, o dəyərlər gənclik tərəfdən qəbul olunmayacaq və biz məğlubiyyətə məhkum olacağıq. Son dövrlər, az da olsa, dəyərlərə qayıdışı Qərbdə də görürük. Orada da böyük mütəfəkkirlər lokal dəyərlərin, yerli mədəniyyətlərin əhəmiyyətini vurğulayırlar. Mənə elə gəlir ki, onlar da artıq başa düşürlər ki, qloballaşmanın müsbət tərəfi ilə yanaşı, mənfi tərəfləri də var. Dünyada dəyərlərinə bağlı gəncliklə yanaşı, dəyərlərinə tamamilə ikrah hissi ilə yanaşan gənclik də var. Heç bir ölkə istəməz ki, cəmiyyətin əksəriyyəti elə insanlardan ibarət olsun. Bu baxımdan, məncə, yeni bir dalğa başlayacaq. Dəyərlərdən qopma var idi, ancaq dəyərlərə qayıdış da başlayır.

- İlahiyyat İnstitutu yeni fəaliyyətə başlayan zaman belə bir açıqlama verilmişdi ki, Azərbaycanda fəaliyyət göstərən qeyri-İslam dini icmaları üçün də dini kadr yetişdirmək planı var. Bu istiqamətdə hansı işlər görürsünüz?
- Bəli, gələcəklə bağlı belə bir plan var. Ancaq onu reallaşdırmaq, şübhəsiz ki, uzun prosesdir. Çox qısa zamanda həll olunacaq bir məsələ deyil. Qeyd etmək istərdim ki, bir var din xadimi yetişdirmək, bir də var din mütəxəssisi hazırlamaq. İnstitutda hələ ki, qeyri-İslam dini icmaları üçün din xadimi yetişdirilmir, amma böyük dünya dinləri üzrə mütəxəssis yetişdirilir. Məsələn, Dinşünaslıq istiqamətinin bakalavriat səviyyəsində Xristianlıq və Yəhudiliyə dair kifayət qədər fənlər tədris olunur. Magistratura səviyyəsində isə ayrıca Dinlər tarixi ixtisaslaşmamız var və burada böyük dünya dinləri, xüsusən Xristianlıq və Yəhudilik daha dərin şəkildə öyrədilir və bunun da məqsədi müxtəlif dinləri dərindən bilən mütəxəssislər yetişdirməkdir.

- Bu günlərdə mətbuatda yer alan xəbərlərdə bildirilirdi ki, İlahiyyat İnstitutu artıq doktorantura səviyyəsində də qəbula başlayır.
- İlahiyyat İnstitutunda keçən ilə qədər bakalavr və magistratura səviyyələrində qəbul keçirilirdi. Bakalavr səviyyəsində iki ixtisas, magistratura səviyyəsində isə beş ixtisaslaşma var; bu ixtisaslaşmalar Dinlər tarixi, Dinin fəlsəfəsi, Din sosiologiyası, Din psixologiyası və İslamşünaslıqdır. Bu ildən Din tarixi və fəlsəfəsi, həmçinin Dinşünaslıq istiqamətləri üzrə doktoranturaya qəbul həyata keçirdik. Bizim artıq iki doktorantımız var. Bu il kifayət qədər yerimiz var idi. Amma digər universitetlərdə olduğu kimi, bizdə də doktoranturaya qəbulda qoyulmuş yeni qaydalardan qaynaqlanan müəyyən problemlər yaşandı. Bilirsiniz ki, keçən il imtahanlarda müasir dünyanın reallığını nəzərə alaraq ingilis dilini yüksək səviyyədə bilmək şərti qoyulmuşdu. İxtisaslarımıza kifayət qədər rəğbəti olan var idi. Sadəcə, ingilis dili imtahanından iki nəfər keçə bildi. Bizim imtahanlarımızda da uğurlu nəticə göstərdilər.

- Sonda dünyanı ağuşuna almış COVİD-19 pandemiyası ilə mübarizədə vətəndaşlarımıza, xüsusilə də bir ilahiyyatçı kimi dindarlarımıza tövsiyələrinizi bilmək istərdik.
- Biz bu dövrdə filmlərdə gördüyümüz mənzərələri reallıqda gördük. İnsanlar evlərinə qapandılar, bu virus kütləvi şəkildə bütün dünyaya yayıldı. Bu pandemiya birinci deyil, hər halda, sonuncu pandemiya da olmayacaq. Tarixdə bir çox pandemiya olub. XIV əsrdə “qara ölüm” deyilən bir pandemiya var idi. Qərbi Avropa ölkələrində əhalinin ən azı 30 faizi bu pandemiyanın qurbanı olmuşdu. Eynilə 1918-1920-ci illərdə “ispan qripi” dünyanı öz ağuşuna almış, milyonlarla insanı öldürmüşdü. Günümüzdəki COVİD-19 pandemiyası da dünyanı ağuşuna alıb, ancaq şükürlər olsun ki, indi tibb daha çox inkişaf edib. Artıq biz “qara ölüm” və “ispan qripi”ndəki kimi milyonları əhatə edən ölümlər görmürük. Lakin ehtiyatlı olmaqda fayda var. Xüsusilə burada yaşlı nəsil və xroniki xəstəlikləri olan insanlar təhdid altındadırlar. Məsələyə dini baxımdan yanaşsaq, bu dövrdə qaydalara əməl etmək bizim həm insani, həm də dini borcumuzdur. Peyğəmbərimizin (s) taun haqqında bir hədisini xatırlayıram. Deyir ki, taun olan yerdən çıxmayın, taun olan yerə də getməyin. Yəni bir yerdə yoluxucu xəstəlik varsa, oradan çıxıb, onu başqalarına yaymayın. Başqa bir yerdə varsa, getməyin, yoluxarsınız. Bu, Peyğəmbərin (s) müsəlmanlara əmridir. Bəzən görürük ki, cəmiyyətimizdə pandemiya ilə mübarizəyə laqeydlik göstərənlər var. Maska taxmır, məsafə saxlamırlar. Bizə Operativ Qərargah nə deyirsə, ona əməl etməliyik. Bu, dini baxımdan da bizim borcumuzdur. İslam dininə görə, insanlar yoluxucu xəstəliyi qəsdən başqasına yoluxdurursa, çox böyük günah işlədirlər. Bu baxımdan camaatımızı bu qaydalara əməl etməyə çağırıram. İlahiyyat İnstitutu da işini bu qaydalar üzərində qurdu. Həm əməkdaşlarımızla, həm də tələbələrimizlə mütəmadi şəkildə onlayn görüşlər keçirir, qaydalara əməl etmələrinin vacib olduğunu deyirik. Təhsil prosesimizi də bunun üzərində qurduq, onlayn tədrisə keçdik. İlahiyyat İnstitutu “Microsoft teams” proqramı vasitəsi ilə tədrisə keçən ilk universitetlərdən biri, bəlkə də, birincisidir. Bu sahədə Təhsil Nazirliyindən böyük dəstək gördük. Martın sonundan etibarən dərslərimizə cədvələ uyğun şəkildə davam etdik. Hazırda da onlayn imtahanlarımız kifayət qədər uğurlu şəkildə davam edir. Bir sözlə, hamımız bu yeni qaydalara riayət etməli, öz işimizi o qaydalar çərçivəsində qurmalıyıq. Nəinki İslam, Xristianlıqda, Yəhudilikdə də qəsdən başqa insana xəstəlik yoluxdurmaq, zərər vurmaq böyük günahdır. Hətta qətlə bərabər tutulur. Mən deyərdim ki, əgər bir insan lazımı qaydalara əməl etmirsə və bunun nəticəsində virusun başqalarına yoluxmasına səbəb olursa, bu da qəsdən yoluxdurmaya bərabərdir. Yəni başqasının ölümünə səbəb olursunuz, öldürürsüz. Bu məsuliyyəti dərk etməliyik ki, yaxşı nəticə ala bilək. Hansı ölkələrdə ki insanlar qaydalara əməl etdilər, bu gün o ölkələrdə yoluxma faizi çox aşağı düşüb. Hətta elə ölkələr var, orada, ümumiyyətlə, yoluxma qeydə alınmır. Əməl etsək, bizdə də eyni vəziyyət olacaq. Dövlət lazımi tədbirləri görür, cəmiyyət olaraq biz də bu tədbirlərə dəstək olmalıyıq. Mən inanıram ki, həm ölkəmiz, həm də ümumilikdə dünya bu pandemiyaya qalib gələcək.

Вверх

Новости

Архив
alt menü