Tələbələr mükafatlandırılıb

28 Dekabr, 2023

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, dosent Aqil Şirinov tələbələrlə görüşüb.

Aİİ rektoru Aqil Şirinov tələbələri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə təbrik edib.

Rektor tələbələrə qarşıdan gələn qış imtahan sessiyasında uğurlar arzulayıb, daha sonra bir sıra tövsiyələrini bildirib. Aİİ-nin hər bir tələbəsinin ilahiyyatçı olmağın şüuru ilə yaşamalı olduğunu vurğulayan rektor qeyd edib ki, onlar öyrəndiklərini öz həyatlarına tətbiq etməlidir. Tələbələr peşəkar kadr olmaq üçün bir kitabla kifayətlənməməli, müxtəlif sosial layihələrdə, təcrübə proqramlarında, təlimlərdə iştirak edib təcrübə qazanmalı və ən əsası, peşəkar ünsiyyət bacarıqlarını inkişaf etdirməlidirlər.

A.Şirinov vurğulayıb ki, İnstitutda yaradılmış sağlam mühit və müasir tədris sistemi sayəsində tələbələrimiz dərin biliyə yiyələnə, öz ixtisasları üzrə peşakar mütəxəssis ola bilərlər.

Aİİ rektoru, həmçinin tələbələrə milli-mənəvi dəyərlərimizə sahib çıxmalarını, ölkəmizin müstəqilliyinin möhkəmlənməsi naminə yüksəkixtisaslı kadr kimi yetişmələrini tövsiyə edib.

Görüşün sonunda təhsil aldığı dövrdə İnstitutun elmi, mədəni və ictimai həyatında fəal iştirak etdiyinə, yüksək göstərici və nümunəvi davranışı ilə fərqləndiyinə görə, bir qrup tələbəyə təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

alt menü