İstanbul Aydın Universiteti ilə İlahiyyat İnstitutu arasında əməkdaşlıq əlaqələri qurulur

27 Dekabr, 2023

İstanbul Aydın Universiteti Himayəçilər Şurasının sədri Mustafa Aydın Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub.

Aİİ rektoru, dosent Aqil Şirinov qonağa ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Bildirib ki, İnstitut Prezident cənab İlham Əliyevin 2018-ci il 9 fevral Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində yaradılıb. Aİİ-nin xarici ali təhsil müəssisələri ilə beynəlxalq əlaqələrin qurulmasında maraqlı olduğunu bildirən rektor qısa müddət ərzində ilahiyyat sahəsində dünyanın tanınmış bir çox qabaqcıl universiteti ilə əməkdaşlıq protokolları imzaladığını diqqətə çatdırıb.

İnstitutun bakalavriat, magistratura və doktorantura pillələri üzrə tədris həyata keçirdiyini söyləyən A.Şirinov vurğulayıb ki, Aİİ-də təhsil tamamilə ödənişsizdir.

Tədris zamanı bütün dinlər haqqında tələbələrə geniş məlumatlar verildiyini diqqətə çatdıran rektor İnstitut müəllimlərinin öz sahələrinin peşəkar mütəxəssisləri olduqlarını bildirib.

İstanbul Aydın Universiteti Himayəçilər Şurasının sədri Mustafa Aydın təmsil etdiyi qurumda 17 fakültə üzrə 46 000 tələbənin təhsil aldığını qeyd edib. M.Aydın ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə tərəflər arasında təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesində əldə olunmuş nailiyyətlərin tətbiqi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Sonda qonaq İnstitutun inzibati binası ilə tanış olub.

alt menü