Ərəb dili üzrə mütəxəssislər üçün beynəlxalq təlim keçirilib

20 Fevral, 2024

Bakı Avrasiya Universiteti (BAU) Ərəbşünaslıq Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə ərəb dili üzrə mütəxəssislər üçün beynəlxalq təlim keçirilib.

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov, kafedranın Ərəb dili fənni üzrə müəllimləri, dosentlər – Məmmədəli Babaşlı, Lalə Əliquliyeva və İnstitutun xarici əlaqələr üzrə mütəxəssisi Şəms Bağırova Səudiyyə Ərəbistanının Kral Salman adına Beynəlxalq Ərəb dili Akademiyası tərəfindən Azərbaycanda fəaliyyət göstərən ərəb dili mütəxəssisləri üçün təşkil edilmiş təlimdə iştirak ediblər. Təlim, ümumilikdə, 24 saat olmaqla, 4 gün davam edib.

Ölkəmizin ali təhsil müəssisələrinin müəllimləri və elmi-tədqiqat institutlarının əməkdaşlarından ibarət 35 nəfərin iştirak etdiyi təlimin aparıcıları – Səudiyyə Ərəbistanı Təhsil Nazirliyinin təlim rəhbəri, dr. Sultan ibn Suqyan, ölkənin İslam Universiteti tədris heyətinin üzvü – prof. Əhməd əl-Sübaihi kimi ərəb dili üzrə tanınmış mütəxəssislər olublar.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

alt menü