ABŞ nümayəndə heyəti İnstitutda olub

22 Fevral, 2024

ABŞ-nin İsa Məsihin axırzaman müqəddəsləri kilsəsinin təmsilçisi, Stirlinq fondunun icraçı direktoru Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib.

Aİİ rektoru, dosent Aqil Şirinov qonaqlara ölkəmizdə mövcud olan birgəyaşayış ənənəsi, tolerantlıq mühiti barədə məlumat verib. Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayan İnstitut rəhbəri dövlətimizin ölkədəki ənənəvi dini qruplara daim qayğı ilə yanaşdığını qeyd edib.

Rektor ali təhsil müəssisəsi haqqında da məlumat verib. İnstitutda mövcud ixtisaslar, təhsil səviyyələri barədə bəhs edərkən bildirib ki, bütün dinlər haqqında tələbələrə geniş bilgilər tədris edilir. Aİİ-nin dövlətin diqqət və qayğısı ilə tam əhatə olunduğunu qeyd edən A.Şirinov nəzərə çatdırıb ki, ali təhsil müəssisəsində təhsil tamamilə ödənişsizdir.

Qonaqlar ABŞ-nin Yuta ştatında yerləşən Briqham Yanq Universiteti haqqında məlumat verib, iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini qeyd ediblər. Həmçinin Yuta ştatında yaşayan etnik və dini qruplar barədə də söhbət açıb, burada mövcud ibadət yerlərinin tarixindən danışıblar.

alt menü