Elmi Şuranın iclası keçirilib

26 Dekabr, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. İclasda payız semestrinin yekunları, qış imtahan sessiyasına hazırlıq, ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və cari dövrdə tədrisin təşkili məsələləri müzakirə olunub.

İclasda İnstitutun rəhbər heyəti, müəllimlər və əməkdaşlar iştirak ediblər.

Aİİ rektoru, dosent Aqil Şirinov tədbir iştirakçılarını salamladıqdan sonra, 1 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə səmimi arzularını ifadə edib.
İnstitut rəhbəri daha sonra 2023-cü ildə görülən işlər, qarşıda duran hədəf və vəzifələr haqqında bəhs edib.

Bakı İlahiyyat Kollecinin yaradılmasının İnstitut üçün böyük əhəmiyyətini vurğulayan rektor qeyd edib ki, müəssisəni bitirənlər dünyəvi fənlərlə yanaşı, dini biliklərə də yiyələnəcəklər. Bu isə Aİİ-yə din elmləri sahəsində daha savadlı abituriyentlərin qəbuluna gətirib çıxaracaq.

Ali təhsil müəssisəsinin rektoru təhsilalanlar üçün nəzərdə tutulmuş ödənişsiz ərəb dili kurslarının fəaliyyətinə toxunub, dil bacarıqlarının mükəmməlləşdirilməsi üçün bu proqramların təşkilinin vacibliyini vurğulayıb.
Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, dosent Mübariz Camalov 2023/2024-cü tədris ili payız semestri üzrə dərslərin keyfiyyəti, tələbələrin dərslərə davamiyyəti, eyni zamanda, qış imtahan sessiyasına hazırlıqla bağlı məlumat verib. Prorektor, həmçinin dərsliklərin yazılması prosesi haqqında da fikirlərini bölüşüb.

İnstitutun Elm və innovasiyalar üzrə prorektoru, dosent Mirniyaz Mürsəlov “İlahiyyat nəşrləri” adı altında ötən dövr ərzində ali təhsil müəssisəsinin müəllim və əməkdaşlarının əməyi sayəsində dərc olunan kitablardan bəhs edib. O, magistratura və doktorantura səviyyələrinə qəbulla bağlı məsələlərə, Aİİ kitabxanasının fəaliyyətinə toxunub, eləcə də müəssisənin xarici əlaqələri, imzalanmış protokollar barədə məlumat verib.
İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova, Dillər və ictimai fənlət kafedrasının müdiri, dosent İlkin Əlimuradov müzakirələrə qoşularaq, tədris zamanı qarşıya çıxan problemlər, onların həll yolları barədə fikirlərini səsləndiriblər.

İclas cari məsələlərin müzakirəsi ilə davam edib.

alt menü