Azərbaycan İlahiyyat İnstitutunun rektoru Beynəlxalq Forumda iştirak edib

27 Oktyabr, 2020

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Rusiya Federasiyası Tatarıstan Respublikasının Bolqar İslam Akademiyasında təşkil olunan “Rusiya müsəlmanlarının teoloji mirası” II Beynəlxalq Forumda onlayn iştirak edib.

Açılış mərasimində çıxış edən rektor Ermənistanın ölkəmizə qarşı 27 sentyabrdan başlayan təxribatına cavab olaraq keçirilən əks-hücum əməliyyatından danışıb. Aİİ rəhbəri bildirib ki, Ermənistan növbəti dəfə atəşkəs rejimini pozub və bunun nəticəsində, Azərbaycan məcbur qalaraq bütün cəbhəboyu əks-hücuma keçərək, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın bir hissəsini azad edib.

A.Şirinov vurğulayıb ki, biz öz torpağımızda işğalçı ilə mübarizə aparırıq və bu mübarizdə başda Rusiya müsəlmanları olmaqla, bütün İslam dünyasının, eləcə də tərəqqipərvər bəşəriyyətin mənəvi dəstəyini gözləyirik.

Rektor daha sonra “Müasir dövrdə İslam dünyasında dini radikallığın yaranma səbəbləri və onun fəsadları” mövzusunda məruzə ilə çıxış edib, Orta əsrlərdə İslam dininin və müsəlmanların dünyada tutduğu mövqe barədə məlumat verib. A.Şirinov məruzəsində İslam dünyasında XIV əsrdən sonra baş verən geriləmədən, radikal qrupların yaranma səbəblərindən də bəhs edib. Aİİ rəhbəri bildirib ki, İslam aləmində mövcud olan radikal qruplar bir sıra metodik səhvlərə yol verirlər. Belə ki, radikal qrupların dini mətnləri kontekstindən çıxararaq təqdim etmələri, onu müəyyən bir dövrə həbs etmələri İslamın ümumbəşəri bir din kimi gözdən düşməsinə və məhəlliləşməsinə xidmət edir: “Onların “din” pərdəsi altında yürütdükləri fəaliyyət İslam əleyhdarlarının əlində bayrağa çevrilib. Bu gün bununla əlaqəli yüzlərlə çirkinniyyətli kitab və məqalə nəşr edilir, debatlar təşkil olunur, yürüşlər keçirilir. Bax, budur radikallığın İslama “xidməti”.

Məlumat üçün bildirək ki, “Rusiya müsəlmanlarının teoloji mirası” II Beynəlxalq Forumu 30 oktyabradək davam edəcək.

alt menü