İLKE Vəqfi nümayəndələri İlahiyyat İnstitutunda olub

16 İyun, 2023

Türkiyənin İLKE Vəqfi nümayəndələri Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olublar.

Aİİ rektoru, dosent Aqil Şirinovla görüş zamanı ziyarətçilərə ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verilib, ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafına dair bir sıra məsələlərə toxunulub.

Aqil Şirinov ixtisaslar, İnstitutda tədris olunan fənlər haqqında bəhs edib. Bildirib ki, Aİİ xarici ölkələrin müvafiq ali təhsil müəssisələri ilə əlaqələrinin gücləndirilməsində, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsində, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsində, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılmasında maraqlıdır.

İLKE Vəqfi İdarə Heyətinin rəhbəri, professor Lütfi Sunar təmsil etdikləri qurum haqqında məlumat verib. Vəqfin müvafiq strukturları ilə Aİİ arasında din təhsili, İslam tarixi, mədəniyyəti və incəsənəti ilə əlaqədar mövzularda əlaqələr yaratmağın mümkün olduğunu diqqətə çatdırıb.

Görüş tərəflər arasında mümkün ola biləcək proqramların müzakirəsi ilə davam edib.

alt menü