İlahiyyat İnstitutunun tələbələri yay məktəbinə yollanıb

03 İyul, 2023

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) imtahanlarda yüksək nəticə göstərən tələbələri “Biliklərarası inteqrasiya” mövzusunda yay məktəbinə yollanıblar.
Qəbələ rayonunda baş tutan yay məktəbi Azərbaycan İlahiyyat İnstitutu və İdrak İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Yay məktəbinin ilk günündə açılış nitqi ilə çıxış edən Aİİ rektoru, dosent Aqil Şirinov tələbələrə uğurlar arzulayıb. İnstitut tərəfindən təşkil edilən yay və qış məktəblərinin əhəmiyyətini vurğulayan rektor qeyd edib ki, gənclər mütəmadi təşkil edilən kurslarda, yay məktəblərində fəal iştirak etməli, bilik və bacarıqlarını artırmalıdırlar. Rektor qeyd edib ki, istəyimiz zəngin dünyagörüşlü, yüksəkixtisaslı, xalqını, dövlətini sevən, onu qoruyan kadrları cəmiyyətə təqdim etməkdir.
Müxtəlif mövzularda məruzələrin baş tutacağı yay məktəbində ilk məruzəni Məqasid İnstitutu (ABŞ) icraçı direktorunun müavini, Biliklərarası İnteqrasiya İnstitutunun (Gürcüstan) metodologiya problemləri, İslam epistemologiyası, İslam iqtisadiyyatı və maliyyəsi məsələləri üzrə eksperti dr. İldus Rafikof təqdim edib. “Biliklərarası inteqrasiya: ideya və praktika” mövzusunda çıxış edən məruzəçi sekulyarizasiya, parçalanma, əməyin bölünməsi, texnoloji inqilab, dini elmlərin müasir dövrün çağırışları kontekstində yenidən dəyərləndirilməsi kimi aktual məsələlər haqqında ətraflı danışıb.
Məruzəçi – Frayburq Universiteti Frayburq Qabaqcıl Tədqiqatlar İnstitutunun (Almaniya) böyük elmi işçisi, Biliklərarası İnteqrasiya İnstitutunun (Gürcüstan) akademik məsələlər üzrə direktoru dr. Elmira Axmetova “İslam sivilizasiyasının başlıca prinsipləri” və “İntellektual müsəlman fikrinin tarixi sosial kontekstdə öyrənilməsinin əhəmiyyəti” mövzularında çıxış edib.

alt menü