İlahiyyat İnstitutunda Ramazan ayı münasibətilə seminar təşkil olunub

06 Aprel, 2024

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) müqəddəs Ramazan ayı münasibətilə seminar təşkil olunub. Tədbirdə Aİİ-nin rəhbər heyəti, müəllimləri, əməkdaşları və tələbələri iştirak ediblər.
Aİİ rektoru, dosent Aqil Şirinov tədbir iştirakçılarını salamlayıb, müqəddəs bayram münasibətilə xalqımızı təbrik edib, Ramazanın mənəvi yüksəliş və bərəkət ayı olduğunu vurğulayıb. Ali təhsil müəssisəsinin rəhbəri bu ayın fəzilətlərindən yararlanmağın vacib olduğunu qeyd edib. Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi-bərəkət ayı olduğunu vurğulayan İnstitut rəhbəri bu günlərin insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırdığını nəzərə çatdırıb.
Aİİ İslam mədəniyyəti fənninin müəllimi, eyni zamanda, “İslam incəsənəti” dərnəyinin rəhbəri Zaur Orucov “İslam və incəsənət” mövzusunda maraq doğuran məruzə edib.
Z.Orucov vurğulayıb ki, bəşəriyyətdə mövcud olan bütün din mənsublarında incəsənət nümunələrinin izlərini görmək mümkündür. O, İslam incəsənətinin yaranma tarixi, inkişaf mərhələləri və digər mədəniyyətlərə təsiri barədə ətraflı danışııb. Məruzəçi İslam incəsənətinin təzhib, hüsnxət, miniatür və ebru kimi sahələrinin yaranması, tarixi inkişafı və müxtəlif növləri haqqında geniş məlumat verib.
Z.Orucov bir sıra ölkələrdə mövcud olan dini abidələrdə İslam incəsənəti izlərinin öz əksini tapdığını, bu nümunələrin marağa səbəb olduğunu vurğulayıb.
Aİİ rəhbəri bağlanış nitqi ilə çıxış edib, tədbir iştirakçılarına və maraqlı məruzəsinə görə, Zaur Orucova təşəkkürünü bildirib. Rektor A.Şirinov Ramazan ayında İnstitutun maarrifləndirici tədbirlərini, müəllimlərin və əməkdaşların sosial şəbəkələrdəki, o cümlədən KİV-dəki fəaliyyətini yüksək qiymətləndirib. Ali təhsil müəssisəsinin rəhbəri müqəddəs ay boyunca kütləvi informasiya vasitələrində fəal iştirak etdiklərinə görə, Aİİ-nin bir neçə müəllimini və tələbəsini Təşəkkünamə ilə təltif edib.

alt menü