İlahiyyat İnstitutu Elmi Şurasının iclası keçirilib

08 Aprel, 2024

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Elmi Şurasının iclası keçirilib.

İclasda gündəlikdə duran məsələlər, İnstitutun gələcək fəaliyyəti barədə müzakirələr aparılıb.

Aİİ rektoru, dosent Aqil Şirinov ali təhsil müəssisəsinin hazırkı fəaliyyəti, qarşıda duran məsələlər barədə çıxış edib. İnstitut rəhbəri tələbələrin yüksəkixtisaslı kadrlar kimi yetişmələri üçün əlavə peşə hazırlığı və dil kurslarında müəllimlərin səylə çalışdıqlarını, təhsilalanlara doğma yanaşıb qayğıları ilə yaxından maraqlandıqlarını yüksək qiymətləndirib, onlara təşəkkürünü bildirib.

Ali təhsil müəssisəsinin rektoru diqqətə çatdırıb ki, məqsədimiz milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşan, ölkəmizdə mövcud yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə töhfə verən, dövlətini, Vətənini, xalqını sevən, ona bağlı, sadiq olan dinşünas və islamşünas gənclər yetişdirməkdir. A.Şirinov tələbələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün təşkil olunan tədbirlərin əhəmiyyətini qeyd edib, gələcəkdə əlavə hansı proqramların təşkil oluna biləcəyi barədə yeni təkliflərin səsləndirilməsinin vacibliyini vurğulayıb.

Aİİ Elm və innovasiyalar üzrə prorektor, dosent Mirniyaz Mürsəlov elmi jurnalın, mətbuat və xarici əlaqələrin fəaliyyəti barədə bəhs edib. Prorektor kitabxananın işi və tələbələrin mütaliəsinin təşkili haqqında söhbət açıb.
Bibloqraf Könül Quliyeva kitabxananın işi barədə hesabatla çıxış edib.

Aİİ Tədris şöbəsinin müdiri Leyla Salayeva tədris prosesində hazırkı vəziyyət barədə çıxış edib, həmçinin tədris zamanı nəzərə çarpan nöqsanlar barədə qeydlərini bildirib.
Sonda cari məsələlərə dair İnstitutun fakültə, kafedra və digər struktur bölmələrinin nümayəndələri fikirlərini səsləndiriblər.

Elmi Şura cari məsələlərin müzakirəsi ilə davam edib.

alt menü