İlahiyyat İnstitutunda 20 Yanvar faciəsi anılıb

19 Yanvar, 2024

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Aİİ tələbələri iştirak ediblər.
Ali təhsil müəssisəsi İlahiyyat fakültəsinin dekan müavini, dosent Asəf Qənbərovun moderatorluğu ilə baş tutan tədbirdə məruzəçi – Aİİ İslamşünaslıq kafedrasının müəllimi, dosent Rəşad Mustafa Azadlıq mübarizəmizin ən bariz nümunəsi olan 20 Yanvar gecəsi yaşananlar barədə ətraflı danışıb. Dövrün tarixi həqiqətlərini – bu faciənin nə vaxt və haradan başlandığını göstərən hadisələrin xronoloji ardıcıllığını sadalayan R.Mustafa tarixi faktlara əsaslanan materiallarla çıxışını davam etdirib.
Məruzəçi daha sonra 20 Yanvar hadisələrinə siyasi qiymətin ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb. O bildirib ki, Ümummilli Lider, dövrün mürəkkəbliyinə baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin necə və hansı səbəblərdən baş verdiyi, günahkarların araşdırılması ilə bağlı mühüm addımlar atıb.
R.Mustafa daha sonra qeyd edib ki, bugünədək Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhu şaddır. Biz, artıq 44 günlük Vətən müharibəsindən sonra suverenliyini tam bərpa etmiş ölkənin vətəndaşlarıyıq, qürur və minnətdarlıq hissi ilə şəhidlərimizin məzarını ziyarət edirik.

alt menü