“Biliklərarası inteqrasiya” mövzusunda yay məktəbi davam edir

10 İyul, 2023

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və İdrak İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Biliklərarası inteqrasiya” mövzusunda yay məktəbi davam edir.

Yay məktəbinin sonuncu günü İslam iqtisadiyyatı üzrə ekspert Anar Yusifzadə “İslam iqtisadiyyatı və maliyyəsi” mövzusunda çıxış edib. O, tələbələrə iqtisadiyyat, İslam iqtisadiyyatı, maliyyənin əhəmiyyəti, İslam bankçılığı, maliyyə alətləri, müsəlman ölkələrində İslam maliyyəsinin işlənmə forması, İslam sığortası, borc, kredit, müqavilə kimi mövzular haqqında geniş məlumat verib.

Aİİ-nin Elm və İnnovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov “Quran qiraətinin mütəvatirliyi” mövzusunda bəhs edib. O, Qurani-Kərimin nazilolma mərhələləri, Qurani-Kərimin yazılması və əzbərlənməsi, Qurani-Kərimin kitablaşdırılması, qiraətlərin ortayaçıxma səbəbləri, yeddi hərf və digər məsələlər haqqında ətraflı çıxış edib.

“Quran-siyər münasibəti” mövzusunda çıxış edən Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova “İslam, inanc, din, sivilizasiya” məfhumları, Qurana görə Peyğəmbərin müsəlmanlara, müsəlmanların Peyğəmbərə qarşı vəzifələri, siyər-Quran əlaqəsinin zəruriliyi, Peyğəmbər dövründə hökm sürən sosial-iqtisadi və siyasi mühit kimi əhəmiyyətli mövzulara toxunub.

Qeyd edək ki, bir həftə davam edən yay məktəbində xarici universitetlərin və ölkəmizin tanınmış ilahiyyatçılarının məruzələri dinlənilib.

alt menü