“Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

05 Aprel, 2024

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarəti davam etdirirlər.
Layihə çərçivəsində Aİİ-nin dekanı, i.f.d., dos. Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimi, f.f.d. Faiq Əhmədzadə, Dillər və ictimai fənlər kafedrasının müəllimi Ənvər Mustafayev Səbail, Yasamal və Binəqədi rayonlarında yaşayan I tədris ili tələbələrindən bəzilərinin ailələrini ziyarət ediblər.
Aİİ heyəti valideynlərə ali təhsil müəssisəsində yaradılmış tələbəyönümlü təhsil mühiti haqqında ətraflı məlumat verib. Müəllimlər İnstitutda təhsil alan gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində təşkil olunan müxtəlif kurslar, həyata keçirilən inkişafetdirici layihələr barəsində söhbət açıblar. Tələbələrin I tədris ili müddətində əldə etdikləri nailiyyətlər, elmi və yaradıcılıq potensialı çərçivəsində təhsilalanların gələcək perspektivləri haqqında valideynlərlə fikir mübadiləsi aparıblar.
Valideynlər Aİİ rektoru, i.f.d., dos. Aqil Şirinov başda olmaqla, İnstitutun rəhbər heyətinin və müəllim kollektivinin tələbələrə qayğısını yüksək dəyərləndirdiklərini vurğulayıblar. Övladlarının ilahiyyat sahəsində cəmiyyətə layiqincə xidmət edəcək peşəkar kadr kimi hazırlanması prosesində əməkdaşlığa hazır olduqlarını bildiriblər.
Qeyd edək ki, “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, dövrün tələblərinə cavab verən dinşünas və islamşünas kadrların hazırlanması üçün ailə və təhsil qurumunun münasibətlərinin inkişaf etdirilməsi, imkanlarının dəyərləndirilməsidir.

alt menü