Kəlbəcər Şəhəri Gününə həsr olunan tədbir keçirilib

24 Noyabr, 2023

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 25 Noyabr – Kəlbəcər Şəhəri Gününə həsr olunmuş “Böyük Qayıdış: Heydər Əliyev strategiyasının təntənəsi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhları birdəqiqəlik ehtiram sükutu ilə yad edilib. Dövlət Himni səsləndirilib.

Aİİ rektoru Aqil Şirinov Kəlbəcər Şəhəri Günü münasibətilə hər kəsi təbrik edib. Bildirib ki, Kəlbəcər 27 illik işğaldan sonra azad olundu. A.Şirinov Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıb. Vurğulayıb ki, Kəlbəcər Azərbaycanın füsunkar bölgələrindən biridir; sərvətlərini talayan, daşı-daş üstündə qoymayan mənfur düşməndən azad olunan bu yurd hazırda daha da gözəlləşir, sanki burada təbiətin yenidən oyandığının şahidi oluruq.

Rektor Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sözlərini diqqətə çatdırıb: “Biz Kəlbəcəri bərpa edəcəyik, heç kimin şübhəsi olmasın və həyat qayıdacaq. Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə də heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini...”.

A.Şirinov Böyüş Qayıdışın tezliklə Kəlbəcərə də baş tutacağını, Azərbaycan xalqının Kəlbəcəri daha gözəl bir bölgəyə çevirəcəyini diqqətə çatdırıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib ki, hazırda arzularımızın gerçəkləşdiyi dövrü yaşayırıq. A.Əsədov nitqinə ümummilli lider Heydər Əliyevin sözləri ilə davam edib: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. O bildirib ki, düşünülmüş şəkildə 1994-cü ildə Əsrin müqaviləsi ilə başlayan proseslərlə güclü iqtisadiyyata malik ölkəyə çevrildik. O bildirib ki, hazırda Prezident cənab İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsi olaraq, işğaldan azad edilmiş torpaqlarımızda yenidənqurma işləri sürətlə davam edir. Qarabağ və Şərqi Zəngəzurun qısa zamanda cənnətə çevriləcəyini vurğulayan məruzəçi bildirib ki, Böyük Qayıdış sürətlə davam edir, Laçın və Füzuli rayonlarına ailələrin köç etdiyini diqqətə çatdırıb.

Bakı Dövlət Universiteti İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlı uşaqlıq xatirələrini bölüşüb. O bildirib ki, Kəlbəcər işğal olunanda təkcə insanlarımız qaçqın düşmədi, kəndimizlə bərabər uşaqlığımız da girov düşdü: “Bu çox ağrılı məsələdir, yəni uşaqlığımın bir nişanəsi də yoxdur. Və bu, doğulduğum yurdun itkisindən də ağır itkidir”. O daha sonra vurğulayıb ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq, Vətənimizin igid oğullarının şücaəti ilə torpaqlarımız düşmən tapdağından azad edildi. Hazırda yurd-yuvalarımıza böyük sevinclə geri dönürük.

Tədbirdə Bakı Dövlət Universiteti İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı Ələmdar Cabbarlınının ssenari müəllifi olduğu “Azad Kəlbəcər” filmi nümayiş olunub.

alt menü