Dosent Anar Qafarov beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

19 Dekabr, 2023

Türkiyə Respublikasında İstanbul Araşdırma və Təhsil Mərkəzi, İstanbul Mərmərə Universiteti və İstanbul Mədəniyyət Universitetinin birgə təşkilatçılığı ilə “Osmanlı dövründə əxlaq elmi: alimlər, əsərlər və məsələlər” adlı beynəlxalq simpozium keçirilib. Simpoziumda dünyanın bir çox universitetindən alimlər, o cümlədən Azərbaycan İlahiyyat İnstitutunun “Dinşünaslıq” kafedrasının müdiri, dosent Anar Qafarov da iştirak edib.

İstanbul “İslam Araşdırmaları Mərkəzi”ndə keçirilən simpoziumun açılış mərasimində İstanbul Araşdırma və Təhsil Mərkəzinin rəhbəri və İslam Araşdırmaları Mərkəzinin direktoru, professor Murtaza Bedir və Mərmərə Universitetinin professoru Ömer Türker açılış nitqi ilə çıxış ediblər.

A.Qafarov beynəlxalq simpoziumda “Osmanlı dövründə fəlsəfi əxlaq əsərlərin siyasət fəlsəfəsi aspektindən təhlili” mövzusunda məruzə ilə çıxış edib. O, əvvəlcə Osmanlı filosoflarının əxlaq əsərlərinin klassik yunan və orta əsr İslam mədəni mühitində qələmə alınan əxlaq fəlsəfəsi əsərləri içindəki yeri və əhəmiyyəti haqqında danışıb. A.Qafarov məruzəsində əsas problemlərin əxlaqla siyasət arasındakı əlaqələr olduğuna diqqət çəkərək, müasir dövrdə bu iki elm sahəsi arasındakı münasibətlərin pozulduğunu qeyd edib.

Daha sonra Osmanlı dövründə əxlaq fəlsəfəsi əsərlərini siyasi aspektdən panoramik baxışla təhlil edən A.Qafarov, əxlaqla siyasət arasındakı münasibətləri siyasət fəlsəfəsinin terminologiyası, problemləri və prinsipləri çərçivəsində və orta əsr İslam filosoflarının fikirləri ilə müqayisəli şəkildə təhlil edib.

alt menü